“OBA” marketlər şəbəkəsinin Xankəndidə planları var...
Natiq Əliyev: “Xankəndidə “OBA” marketlər şəbəkəsinin filialının açılması sevindirici və qürurvericidir”
Məlum olduğu kimi, “OBA” marketlər şəbəkəsinin Xankəndi filialı xidmətə başlayıb. Burada yaşayan əhalinin və xidmət göstərən vətəndaşların gündəlik istehlak məhsullarına olan tələbatını ödəmək üçün “OBA” bundan sonra yaxın və qənaətli qonşu konsepsiyası ilə daimi şəkildə Xankəndidə fəaliyyətdə olacaq.
Qeyd edək ki, “OBA” ordumuzun işğaldan azad etdiyi Xankəndi, Xocalı və Əsgəranda yaşayan əhali üçün indiyədək səyyar marketlərində satış həyata keçirirdi.
“Bu gün çox xoşbəxt xalqıq ki, Qarabağda Azərbaycan marketləri əhaliyə xidmət edir”
Xankəndidə açılan “OBA” marketlər şəbəkəsi barədə fikir bildirən marketoloq Natiq Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, işğaldan azad edilən ərazilərdə açılan iaşə mərkəzlərinin əsas məqsədi xalqa xidmət etməkdir: “İndi bu yurd yerlərimizdə həyat qaynayır. Bir vaxtlar düşmən tapdağında inləyən torpaqlarımızda misli görünməyən quruculuq işləri aparılır. Məlumdur ki, bugünə kimi işğaldan azad edilən ərazilərin əksəriyyətində müxtəlif ticarət mərkəzlərinin və ya marketlər şəbəkəsinin filialı açılıb. Bu günlərdə Xankəndidə “OBA” marketlər şəbəkəsinin filialı açıldı. Adıçəkilən ərazidə hansısa obyektin açılması sevindirici və qürurvericidir. Bu gün çox xoşbəxt xalqıq ki, Qarabağda Azərbaycan marketləri əhaliyə xidmət edir. Məlumdur ki, Xanın kəndi bu dəfə futbolçulara qucaq açdı. Son 35 ildə ilk dəfə Azərbaycan futbol komandalarının məhz Xankəndidə oyuna çıxması möhtəşəm dirçəlişin təzahürü kimi dünyaya səs salır. Qarabağda silah deyil, "qol" səsləri eşidilir. Xankəndinin küçələrində Azərbaycan dükanları, marketləri fəaliyyət göstərir və göstərəcək. Zamanla o ərazilərdə bütün marketlərin filialları fəaliyyət göstərəcək. “OBA” marketlər şəbəkəsinin Xanın kəndində filial açması ilə futbol matçının keçirildiyi ərəfədə olması ora gedən azarkeşlərin ehtiyacını qarşılamaq baxımından da əhəmiyyətlidir. Həmin filialın işçiləri də sevinclə öz həmvətənlərinə xidmət edir. “OBA” marketlər şəbəkəsinin Xankəndi və digər işğaldan azad edilən ərazilərdə yenı filialları açılacaq”.
Günel CƏLİLOVA