Region otelləri vergi güzəştləri alsa da, qiymətləri yenə qaldırır...
Vüqar Bayramov: “Məlum qərar turizmin dəstəklənməsi baxımından vacib güzəştlərdən biridir”
Azərbaycanda fəaliyyət göstərən otel və sanatoriyalara bəzi güzəştlər nəzərdə tutulub. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə görə, yanvardan Azərbaycanın regionlarında otel və sanatoriyaların əmlak vergisi 3 il müddətinə 75 faiz azaldılacaq.
Nəzərdə tutulan güzəşt yalnız regiondakı otel və sanatoriyalara aid ediləcək. Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu isə istisnadır.
O da məlumdur ki, bölgələrdə otellərin qiyməti heç də münasib deyil. Xüsusən də bayram günlərində, turizm mövsümündə regionlarda otellərin qiyməti kəskin şəkildə bahalaşır.
Maraqlıdır, yeni güzəştlər bölgələrdə “od qiymətinə” olan otellərin qiymətinə təsir edəcəkmi?
“Bütün bunlar bölgələrdə otellərin, turizm xidmətlərinin qiymətlərinin azalmasına gətirib çıxara bilər”
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında buna birmənalı yanaşmadı: “Vergi Məcəlləsində nəzərdə tutulan güzəştlərdən biri də regionlarda fəaliyyət göstərən otellər və turizm obyektləri üçün əmlak vergisinin 75 faiz güzəştin tətbiq edilməsi ilə bağlıdır. Bu, nəticə etibarı ilə regionlarda fəaliyyət göstərən ötellərin və eləcə də turizm obyektlərinin xərclərini azaltmaq məqsədi daşıyır. Nəzərə almaq lazımdır ki, əmlak vergisi həmin sahibkarlar üçün əsas xərclərdən biri idi. Hesab edirəm ki, əmlak vergisinin azaldılması onların xərclərinin azaldılmasına gətirib çıxaracaq. Zatən vergi güzəştlərinin tətbiq edilməsində məqsəd regionlarda fəaliyyət göstərən turizm obyektlərinin xərclərinin azaldılmasına nail olmaqdır. O cümlədən, bununla da regionlarda qiymətlərin tənzimlənməsini, optimallaşdırılmasını həyata keçirməkdir. Çünki nəticə etibarı ilə xərclərin azaldılması regionlarda otellərin, turizm xidmətlərinin qiymətlərinin azalmasına gətirib çıxara bilər. O baxımdan, Vergi Məcəlləsində edilən güzəştlər regionlarda fəaliyyət göstərən turizm obyektlərində 2024-cü ildə qiymətlərin aşağı düşməsini stimullaşdıra bilər. Çünki iqtisadi baxımdan artıq bölgələrdə turizm xidmətlərində qiymətlərin aşağı salınması üçün zəmin var. O üzdən, məlum qərar turizmin dəstəklənməsi baxımından vacib güzəştlərdən biridir. Birmənalı şəkildə regionlarda fəaliyyət göstərən turizm obyektləri və otellərin xidmət sferasının genişlənməsinə, daxili turizmin inkişafına, stimullaşdırılmasına imkan verəcək. Bütün bunlarla yanaşı, hesab edirəm ki, regionlarda otellərin sayı artırılmalıdır. Otel şəbəkəsi böyük olarsa, bu, qiymətlərin aşağı düşməsinə öz müsbət təsirini göstərəcək”.
Vidadi ORDAHALLI