Şəhid atası: "Xatirə Kitabı redaksiyası şəhidlərin xatirəsini əbədiləşdirməklə onları əbədi olaraq yaşadır"
"Şəhid Məhəbbət Quliyevin atasıyam. Oğlum subay idi. O, noyabrın 5-də qələbəyə 3 gün qalmış Qubadlı uğurunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Oğlum Ağcabədi rayonun Qiyaməddinli kəndində doğulub. 4 medalı var. Şəhidlərin adlarının əbədiləşdirilməsi bizim ürəyimizə rahatlıq verir. Oğullarımız Vətən yolunda şəhid oldular. Biz böyük qürur hissi keçiririk və şəhid balalarımız unudulmadığını görmək bizə təsəlli verir. Xatirə Kitabı redaksiyası şəhidlərin xatirəsini əbədiləşdirməklə onları əbədi olaraq yaşadır". Bunu baki-xeber.com-a açıqlamasında şəhid Məhəbbət Quliyevin atası Arzu Quliyev Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının Nizami Kino Mərkəzinin böyük zalında “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında növbəti 4 filmin nümayişi zamanı deyib.
A. Quliyev oğlunun və digər şəhidlərin xatirəsini əbədiləşdiyi, onlara film həsr edildiyi üçün Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya və filmləri ərsəyə gətirənlərə təşəkkür edib. Məlumat üçün bildirək ki, “Vətən daşı... və ya 44 günün dastanı”nin layihə rəhbəri Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, ssenari müəllifi və rejissoru Vüsal Nurudur.
İradə SARIYEVA