ABŞ və Aİ Ukraynanı yarı yolda qoydu – Kiyev sursat çatışmazlığı üzündən Rusiyaya qarşı bəzi əməliyyatları dayandırdı...
Son zamanlar ABŞ və Aİ ölkələrindən Ukraynaya vəd olunan yardımların göndərilməsində siyasi çəkişmələr ucbatından axsamalar yaranıb. Xarici yardımın azalması ilə Ukrayna Rusiya ilə müharibədə bəzi hərbi əməliyyatlarını dayandırmaq məcburiyyətində qalıb.
Ukrayna Silahlı Qüvvələrinin Tavriya Əməliyyat və Strateji Qoşunları Qrupunun komandanı Aleksandr Tarnavski bildirib ki, xüsusilə cəbhə xəttində yerləşən hərbi hissələrdə sursat çatışmazlığı yaranıb. “Reuters”ə danışan Tarnavski bu vəziyyətin Ukrayna üçün böyük problem olduğunu bildirib.
Xüsusilə Sovet İttifaqı dövründən qalma silahlar üçün top mərmilərinə ehtiyac duyduqlarını vurğulayan Tarnavski, "Ehtiyaclarımızı nəzərə alsaq, əlimizdə olan top mərmiləri kafi deyil. Bəzi bölgələrdə müdafiə mövqeyi tutduq. Taktika dəyişir" deyib.
BBC-yə danışan Ukrayna müdafiə nazirinin müavini isə artilleriya mərmilərinin çatışmazlığını kompensasiya etmək üçün kamikadze İHA istehsalını artırdıqlarını bildirib.
Müharibədə Qərb ölkələrinin göndərdiyi uzun mənzilli raketlər və hava hücumundan müdafiə sistemlərindən xüsusilə asılı olan Ukrayna Qərbin köməyi ilə öz hərbi sursat sənayesini inkişaf etdirməyi hədəfləyir.
Qeyd edək ki, ABŞ Konqresindəki Respublikaçılar 60 milyard dollarlıq hərbi yardım paketini bloklayıblar. Avropa İttifaqının sammitində isə Macarıstan Ukraynaya 50 milyard avroluq maliyyə yardımına veto qoyub.
Aİ 2024-cü ilin martına qədər Ukraynaya 1 milyon artilleriya mərmisi göndəriləcəyini açıqlamışdı. Lakin indiyədək bu artilleriya mərmilərindən yalnız 480 mini Ukraynaya göndərilib və ya göndərilmək üzrədir.
Rusiya prezidenti Putin isə ötən həftə verdiyi açıqlamada bir daha bildirib ki, Ukrayna ilə müharibə ancaq ölkəsinin hərbi məqsədlərinə çatacağı təqdirdə bitəcək.
Tahir TAĞIYEV