ABŞ Ukraynaya yardımı dayandırır – “Bu sonuncu olacaq…”
Ağ Ev bəyan edib ki, Ukrayna üçün hazırladıqları yeni yardım paketi, Konqresdə təsdiqlənməməsi səbəbindən yəqin ki, sonuncu olacaq.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə direktoru Con Kirbi, yeni ildən əvvəl Ukraynaya yeni bir yardım paketi açıqlayacaqlarını ifadə edib və bildirib ki, bundan sonra Ukraynaya artıq kömək üçün vəsaitimiz qalmayacaq.
"Ukraynanın hələ də bizim köməyimizə ehtiyacı var. Konqresin azadlıq və demokratiyanın yanında olmasının və öz milli təhlükəsizlik maraqlarımız üçün hərəkətə keçməsinin vaxtıdır" deyən Kirbi Konqresi Ukraynaya yardımı təsdiqləməyə çağırıb.
ABŞ Konqresində Ukraynaya yardımla bağlı sərt müzakirələr davam edir. Senatdakı respublikaçılar dekabrın 6-da ABŞ prezidenti Baydenin İsrail və Ukraynaya yardım da daxil olmaqla 105 milyard dollarlıq büdcə tələbinin səsverməsinə mane olub. Bayden 14 milyardı İsrail, 61 milyardı Ukrayna üçün nəzərdə tutulan 105 milyard dollarlıq büdcə tələb etmişdi.
Ancaq Senatda çoxluqda olan respublikaçılar immiqrasiya siyasətində bəzi dəyişikliklər də daxil olmaqla istədikləri bir çox dəyişikliklər edilmədən büdcənin səsverməsinə qarşı çıxırlar.
Ağ Ev və bəzi Kiyev rəsmiləri isə xəbərdarlıq edir ki, ABŞ-ın yardımı olmadan Ukrayna Rusiya ilə müharibədə məğlub ola bilər.
Tahir TAĞIYEV