Qırmızı dəniz qaynayır - İran ABŞ-ın antihusi koalisiyasına qarşı dənizə 55 minlik ordu çıxardı
İsrail-Həmas qarşıdurmaları davam etdiyi bir vaxtda, Qırmızı dənizdə də gərginlik artır. Yəməndə husilər İsrail limanlarına gedən bütün gəmilərə hücum etməyə başlayıblar.
ABŞ müdafiə naziri Lloyd Austin isə gəmilərə edilən hücumların azad ticarətə xələl gətirdiyini və beynəlxalq hüququn pozulmasına səbəb olduğunu deyərək, “çoxmillətli koalisiya” qurulduğunu açıqlayıb.
O, beynəlxalq sulardan qanuni olaraq keçən bir çox ölkənin ticarət gəmilərinə ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) buraxan husilərlə mübarizənin kollektiv fəaliyyət tələb edən beynəlxalq bir vəzifə olduğunu deyib: “Ona görə də bu gün Qırmızı dənizdə təhlükəsizliyə yönəlmiş Birgə Dəniz Qüvvələrinin çətiri və 153 saylı İşçi Qrupun rəhbərliyi altında yeni çoxmillətli təhlükəsizlik təşəbbüsü olan “Prosperity Guardian” Əməliyyatının yaradıldığını elan edirəm”.
Qırmızı dənizin cənubunda dəniz ticarətinin təhlükəsizliyini təmin edəcək koalisiyaya ABŞ-dan başqa, Böyük Britaniya, Bəhreyn, Kanada, İtaliya, Fransa, Hollandiya, Norveç, Seyşel adaları və İspaniya daxildir.
Yəmən Milli Azadlıq Hökumətinin müdafiə naziri general-mayor Məhəmməd Nasser Atifi isə koalisiya yaradıldığını elan edən ABŞ-ı hədələyib: “Bizim donanmalarınızı, gəmilərinizi, sualtı qayıqlarınızı, təyyarə gəmilərini batırmaq üçün bütün imkanlarımız var”
Yəmənin müdafiə naziri koalisiya ölkələrini də hədələyərək "Qırmızı dəniz sizin qəbiristanlığınız olacaq" deyib.
İran da ABŞ-ın bölgədə artan fəaliyyətinə dərhal reaksiya verib. ABŞ Yəməndə İranın dəstəklədiyi husilərin hücumlarına qarşı Qırmızı dənizdə koalisiya qurduqdan sonra İran İnqilab Keşikçiləri Korpusu 55 min nəfərlik dəniz milisləri yaratdıqlarını bəyan edib. İranın yarı rəsmi Tasnim Xəbər Agentliyinin məlumatına görə, İnqilab Keşikçiləri Korpusu Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əli Rza Tengsiri Tehranda keçirilən tədbirdə Bəsic okean səfərbər qüvvələrini yaratdıqlarını və bu qüvvələrin Tanzaniyaya çatacaq qədər böyük qayıqlara sahib olduğunu deyib. Nazir bildirib ki, növbəti mərhələdə kölgə dəniz qüvvələri yaradılacaq.
İranlı komandir 55 min nəfərlik dəniz səfərbər qüvvələrini ilk olaraq Fars körfəzində qurduqlarını və növbəti mərhələdə ölkənin şimalındakı (Xəzər dənizi) sularda qurmağı planlaşdırdıqlarını bildirib.
Tengsiri səfərbərlik qüvvələrinə aid katerlərin 107 millimetrlik raketlərlə təchiz olunduğunu da sözlərinə əlavə edib.
Qeyd edək ki, bu yaxınlarda Yəməndəki husilərin lideri Əbdülməlik Husi Qırmızı dənizə girən İsrail gəmilərini hədəf alacaqlarını bəyan edib. ABŞ və AB-nin hərbi müdaxilə hədələrinə baxmayaraq geri çəkilməyən husilər İsrail bayrağı altında olan istənilən gəmini hədəf alacaqlarını açıqlayıblar.
Tahir TAĞIYEV