Blinkenin Fidandan ilginc “sərhəd istəyi” - “Azərbaycanla sülh sazişi olmayınca...”
Ramil Hüseynov: “Bu kimi məsələlər Vaşinqtonun istəyi ilə həll olunmur”
Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının yekunlarına əsasən Ermənistanla sərhədlərin açılıb-açılmamasına qərar veriləcək.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib: “Biz bu məsələ ilə əlaqədar Azərbaycanla əlaqədəyik”.
O da məlumdur ki, iki gün əvvəl Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə də görüşüb. Diplomatik çevrələrdə gedən söz-söhbətlərə görə, Blinken Fidandan Azərbaycanla sülh sazişi imzalamazdan əvvəl Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalını öyrənməyə çalışıb. Yəni belə bir ehtimala Fidan necə baxır. Məlumata görə, H.Fidan bununla bağlı konkret mövqe sərgiləyib. Mövqe ondan ibarət olub ki, sülh sazişi olmadan Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Əslində Bakıda verilən bəyanat da məhz Blinkenlə söhbətə və ona qədər digər ABŞ rəsmilərinin bu istiqamətdəki mövqelərinə bir cavab və mesaj idi.
“Sülh sazişi imzalanmadan sərhədlər açılsa, Ermənistan bundan sui-istifadə edəcək”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, bu məlumatın həqiqəti əks etdirmə ehtimalı böyükdür: “Həqiqətən də zaman-zaman ABŞ rəsmiləri Qarabağ məsələsi həll olunmadan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına cəhd edirlər. Bu yöndə 2008-2009-cu illərdə Türkiyəyə güclü təzyiqlər olub. Hətta bu səbəbdən 2009-cu ilin oktyabrında sərhədlərin açılmasına dair “Sürix protokolları” imzalandı, amma işləmədi. 44 günlük Vətən müharibəsindən sonra bu yöndə müxtəlif səviyyələrdə Türkiyəyə çağırışlar etməyə başladılar. Bir neçə dəfə Ermənistanla sərhədlərin açılmasını gündəmə gətirdilər. Bunu onunla əsaslandırırdılar ki, Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan 4 qətnamənin həyata keçirilməsini təmin edib. Yeri gəlmişkən, 1993-cü ilin aprelində Kəlbəcər işğal olunandan sonra Türkiyə Ermənistanla olan sərhədi bağlayıb. Ümumilikdə, Vətən müharibəsindən sonra Türkiyənin Ermənistanla quru sərhədləri açmaması doğru yanaşmadır. Çünki Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmadan sərhədlərin açılması məqsədəuyğun deyil. Sülh sazişi imzalanmadan sərhədlər açılsa, Ermənistan bundan sui-istifadə edəcək. Rəsmi İrəvan belə olacağı halda danışıqlarda daha cəsarətlə pozucu və qəbuledilməz tələblərlə çıxış edəcək. Bu isə nəticə etibarı ilə sülh sazişinin imzalanmasını bir qədər də arxa plana atacaq. Türkiyə bunun fərqində olduğu üçün doğru olaraq sərhədləri açmır. Nəzərə almaq lazımdır ki, Türkiyə Azərbaycanın strateji müttəfiqi olduğu üçün Ankara ilə Bakı arasında sıx məsləhətləşmələr var. Bu isə o deməkdir ki, bu kimi məsələlər Vaşinqtonun istəyi ilə həll olunmur. Dövlətlərin strateji maraqlarına uyğun olaraq həll olunur. O üzdən, yaxşı olardı ki, Blinken sülh sazişini tezləşdirməklə bağlı Ermənistana təzyiq etsin”.
Vidadi ORDAHALLI