Avropa Rusiya sanksiyalarına görə İranı vurur, Ermənistanın “yanından keçir”...
Elşən Manafov: “Sadəcə, məqsədyönlü şəkildə bunu görməzdən gəlirlər”
Avropa İttifaqından nüvbəti ədalətsizlik və ikili standart. Avropa İttifaqı Şurası İranda Rusiyanın Ukraynaya hücumunda istifadə olunan pilotsuz hərbi təyyarələri istehsal edən beş təşkilata və altı nəfərə qarşı sanksiyalar tətbiq edib.
Bu, Avropa sanksiyalarına məruz qalan İran təşkilatlarının və şəxslərin beşinci siyahısıdır. Yeni siyahıya "Shakad Sanat Asmari" şirkəti, onun baş direktoru, baş direktorun müavini və baş elmi işçisi daxildir. Həmin şəxslərin və şirkətlərin aktivləri dondurulacaq, onların Avropa İttifaqına gedişi qadağan ediləcək. Həmçinin, bu adamları və firmaları birbaşa və ya dolayısıyla maliyyələşdirmək qadağan edilib.
Dünyanın aparıcı media orqanları Ermənistan şirkətlərinin sanksiyalardan yayındığını sübutlarla yazır. Qəribədir ki, nədənsə, erməni şirkətləri Avroittifaqın yadına düşmür.
“Avropa qurumları yaxşı bilirlər ki, Ermənistan sanksiyalardan yayınan ölkələrin başında gəlir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara toxundu: “Məsələ ondadır ki, Avropa İttifaqı İranla belə münasibətləri ikili standartlar üzərində qurub. İrana qarşi sanksiyaların uzun illərdir davam etməsinə baxmayaraq, birliyin tərkibinə daxil olan bəlli dövlətlər Tehranla enerji təhlukəsizliyi sahəsində əməkdaşlığı davam etdirirlər. Hörmuz boğazından Avropaya neft daşıyan tankerlər sadəcə olaraq Asiya və ya Afrika dövlətlərinin bayrağı altında bunu edirlər. Burada yurisdiksiya baxımından Avropanın şirkətlərinin sanksiyalar altına düşməməsi əsas məsələdir. Ermənistana gəlincə, o, Moldova və Ukrayna ilə yanaşı Qərbin geosiyasi layihələrində MDB məkanında Rusiyanın nüfuz dairəsini məhdudlaşdırılması ilə bağlı proseslərin daxilində yer aldığından, onunla münasibətlərə məhz bu rakursdan yanaşılır. Avropa qurumları yaxşı bilirlər ki, Ermənistan sanksiyalardan yayınan ölkələrin başında gəlir. Sadəcə, məqsədyönlü şəkildə bunu görməzdən gəlirlər. Adıçəkilən dövlətlər, o cumlədən Gürcüstan Avropa İttifaqı tərəfindən Rusiya ilə perspektiv geosiyasi qarşıdurmada çox təhlükəli və risqli proseslərə cəlb olunurlar. Onların Avroittifaqa üzvlik məsələsi yaxın günlərdə həllini tapacaq məsələlərdən deyil. Avropanın mərkəzində Bosniya və Herseqovinanın Aİ-yə üzvlik məsələsi 2030-ci ilədək bir kənara qoyulduğu halda, Aİ-nin kandarında dayanmış dövlətlərin növbədənkənar birliyə üzv olacaqları ilə bağlı problemlərin həllini tapacağı inandırıcı deyil”.
Vidadi ORDAHALLI