Zəngəzur dəhlizi olmasa da, Naxçıvanın 23-27 proqramı icra ediləcək...
Azərbaycanın ayrılması parşası olan Naxçıvan Muxtar Respublikasının (MR) sosial-iqtisadi inkişafına dövlət səviyyəsində xüsusi əhəmiyyət verilir. 30 ildən artıq bir dövr ərzində blokadada olan Naxşıvan çətinliklərə baxmadan inkişaf edir. Naxçıvan Muxtar Respublikası 30 ildən çoxdur ki, blokada şəraitində yaşayır və naxçıvanlılar bu çətinliyə sinə gərir.
Ekspertlərin fikrincə, 30 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan əhalisinin ümidi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın digər bölgələri ilə quru əlaqəsinin yaradılması, regionda kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin işə düşməsi ilə blokada aradan qaldırılması olsa da, təəssüf ki, Ermənistanın yaratdığı əngəl üzündən bu layihə işlək vəziyyətə düşməyib. Bildiyimiz kimi, blokada şəraitində də olsa Naxçıvan MR inkişafını davam etdirir. Azərbaycan Prezidenti mütəmadi olaraq Naxçıvanın inkişafını diqqətdə saxlayır.
Naxçıvanın sosial-iqtisadi inkişafına dair 5 illik Dövlət Proqramı…
Bu ilin 5 iyununda Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır:“Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir”.
Qeyd olunur ki, Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvan Muxtar Respublikasının qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar yaratmışdır: “Hazırda bu imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi əsas prioritetlərdən birinə çevrilmişdir. Bu isə öz növbəsində, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar tədbirlərin, həmçinin kompleks proqramların hazırlanmasını və icrasının davam etdirilməsini nəzərdə tutur”.
Zəngəzur dəhlizi açılmasa da, belə Naxçıvan inkişafdan geri qalmır və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində orada müxtəlif işlər görülür.
“...Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı ciddi nəticələr görə bilərik”
İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Naxçıvan MR artıq yeni inkişaf mərhələsinə qədəm qoyub və blokadada olmasına baxmayaraq, Prezident Əliyevin qayğısı sayəsində sosial-iqtisadi cəhətdən irəliyə addımlayır. “Naxçıvanın həyatında 2023–2027-ci illər üçün Dövlət Proqramının böyük əhəmiyyəti var. Bu Muxtar Respublikasının inkişafı ilə bağlı mühüm addımdır. Bu Dövlət Proqram çərçivəsində sərəncamdan irəli gələn bütün məsələlərin uğurla həlli çox müsbət olar. Ümid edirik ki, proses Dövlət Proqramına uyğun şəkildə aparılacaq, proqramın bütün bəndləri icra olunacaq. Belə olarsa qarşımızdakı illərdə Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı ciddi nəticələr görə bilərik.
Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, bu ərazi uzun illərdir blokada şəraitindədir, burada yaşayan vətəndaşlarımız çox ağır, iztirablı günlər, illər keçirdilər. Ermənistanın mütəmadi hücumlarına məruz qaldılar, qatarlar işləmədi, elektrik, qaz xətləri kəsilməsi nəticəsində çox ağır yaşayışa məhkum oldular. Günlərlə elektrik, qaz, istilik enerjisinin yoxluğu ilə sınağa çəkildilər. Heş şübhəsiz ki, bütün çətinliklərə baxmayaraq xalqımız, ordumuz Naxçıvanı qorudu, əzmlə müdafiə etdi, hərtərəfdən düşmənlə əhatələnmişdi və təkcə Türkiyə ilə Qümid körpüsü” vasitəsilə əlaqə vardı. Naxçıvan bugünə qədər qorunub, müdafiə olunub. Çünki ermənilər Qarabağla paralel olaraq Naxçıvana qarşı da iddialar irəli sürürdü...
Bu gün Naxçıvan ciddi şəkildə özünün yeni inkişaf mərhələsindədir. Təbii, Qarabağ zəfərindən sonra azad rayonlarla paralel olaraq Naxçıvana da diqqət ayrılması çox mühüm idi. 44 günlük müharibədən sonra imzalanan 10 noyabr bəyanatından irəli gələn məsələlərdən biri Zəngəzur dəhlizinin açılması idi. Bu bizim üçün bir nömrəli məsələ olub, eyni zamanda bölgənin özü üçün önəmlidir. Təbii ki, camaat dəhlizin açılmasını gözləyirdi, 30 ildən çox blokadada yaşayan naxçıvanlılar üçün bu hava və su qədər vacibdir. Amma buna baxmayaraq, Ermənistan hələ də öhdəliyə əməl etmir, Naxçıvanın blokadasını davam etdirir. Şübhəsiz, biz oturub Zəngəzur dəhlizinin açılmasını gözləyə bilməzdik. Odur ki, Naxçıvanın sosial iqtisadi cəhətdən inkişafı üçün Dövlət Proqarmı icra olunur” - deyə S.Adıgözəlli qeyd etdi.
Dövlət Proqramının məqsədi və prioritet istiqamətlərindən danışan müsahibimiz bildirdi ki, burada əlverişli biznes mühitinin yaradılması, ticarətin inkişafı, ixracyönlü sənayenin inkişafı, kənd təsərrüfatı məhsulları istehsalının və emalının inkişafı, turizmin inkişafı, sosial sektorun inkişafı, insan kapitalının inkişafı və sair kimi vacib məsılələr öz əksini tapıb. O hesab edir ki, qarşıdakı illər ərzində biz Dövlət Proqramının yüksək səviyyədə icra olunduğunun şahidi olacağıq.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.