Banklara norma 50 milyon, BOKT-lara cəmi 300 min - normaldır?
Əkrəm Həsənov: “Bankların fəaliyyət dairəsi bank olmayan kredit təşkilatları ilə müqayisədə genişdir”
Məlum olduğu kimi, Azərbaycanda banklar üçün kapital tələbi 5 dəfə artırılaraq 10 milyon manatdan 50 milyon manata çatdırılıb.
Bu gün bank yaratmaq istəyən şəxs azı 50 milyon manat nizamnamə kapitalı ilə fəaliyyətə başlamalıdırsa, BOKT üçün bu tələb 300 min manatdır. Kredit ittifaqı üçün minimum tələb isə simvolik məbləğdə – cəmi 4 min manat müəyyən edilib. Bəs kredit təşkilatları üçün kapital tələbində bu cür kəskin fərq olması normaldırmı?
“Xarici ölkələrdə fəaliyyət göstərən BOKT-lar valyuta mübadiləsi aparır, bank hesabı açır, pul köçurur, bizdə isə BOKT-ların səlahiyyət dairəsi çox dardır”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bankların fəaliyyət dairəsi bank olmayan kredit təşkilatları ilə müqayisədə genişdir. Banklar əmanət qəbul edir, bank hesabı açır, pul köçürmələri edir, valyuta mübadiləsi aparır, qiymətli kağızlar üzrə əməliyyatlar keçirir və s. Ancaq BOKT-lar yalnız kredit verir. Bankların risqi çoxdur: “Onu da deyim ki, xarici ölkələrdə bankla bank olmayan kredit təşkilatlarının fərqli yalnız əmanət qəbulundadır. Xarici ölkələrdə fəaliyyət göstərən BOKT-lar valyuta mübadiləsi aparır, bank hesabı açır, pul köçurur və s. Bizdə isə BOKT-ların səlahiyyət dairəsi çox dardır. Kredit ittifaqlarının fəaliyyət sferası isə olduqca məhduddur. Belə ki, kredit ittifaqları yalnız öz üzvlərinə kredit verə bilər”.
Ekspert hesab edir ki, bank olmayan kredit təşkilatlarının fəaliyyəti genişləndirilməlidir. Bu halda kapital tələbi arta bilər: “Ümumiyyətlə, Azərbaycanda banklara dair tələb edilən kapital dəyəri olduqca yüksəkdir. Dünyanın aparıcı ölkələrində tələb olduqca azdır. Məsələn, Amerikada 1 milyonluq kapitalı olan bank var. Avropada bir qayda olaraq tələb 5 milyon avro müəyyən edilib. Azərbaycanda isə bank kapitalı üçün tələb olunan məbləğ olduqca yüksəkdir. 5-10 milyonluq kapitalı olan bank fəaliyyət göstərə bilər. Bizdə belə bir tələbin qoyulmasında məqsəd kiçik bankların zamanla ləğv olunmasıdır. Azərbaycanda kiçik bankların olması qəbul edilmir. Ancaq xarici ölkələrdə kiçik kapitallı banklar sonsuz saydadır”.
Günel CƏLİLOVA