COP29-a 100 mindən çox qonaq gözlənilir - otel potensialımız cəmi 56 min...
Vüqar Bayramov: “Otellərlə yanaşı, “Olimpiya kəndi”ndən də istifadə olunacağını düşünürəm”
Məlum olduğu kimi, gələn il Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcək.
Bu il Dubayda keçirilən COP28-də 140-dan çox ölkənin liderləri iştirak edib. Dubayda keçirilən tədbirə 80 min iştirakçı qatılıb. Texniki işçilərlə birgə tədbir iştirakçılarının sayı 100 mini ötüb. Bundan əvvəl 2022-ci ildə Misirdə keçirilən tədbirdə 50 min qonaq iştirak edib.
Statistika Komitəsinin bu ilin əvvəlinə olan göstəricisinə görə, Bakıdakı bütün otellərin birdəfəlik tutumu cəmi 24 minə bərabərdir. Bütün Azərbaycandakı otellərin birdəfəlik tutumu isə, 56 minə bərabərdir. Rəsmi rəqəmlərdən görünür ki, COP29 üçün Bakıya gəlməsi gözlənilənlərin sayı çox olacaq. O zaman bir belə qonağı yerləşdirməyə otel çatacaqmı?
“Azərbaycan COP 29-a müraciət edəndə, öz potensialını müəyyənləşdirərək ora müraciət təqdim edib”
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəlki illərdə də Azərbaycan kifayət qədər böyük və sanballı konfranslar təşkil edib. Təbii ki, COP29 kifayət qədər vacib bir tədbirdir. Əslində Azərbaycanın belə bir tədbirə ev sahibliyi qazanması da ciddi bir uğur kimi qiymətləndirilməlidir. Çünki əvvəlki illərin təcrübəsi də göstərir ki, bu tədbirə ev sahibliyi qazanmaq kifayət qədər çətin və dəstək tələb edən bir prosesdir. Sözsüz ki, tədbirə hazırlıqların sistemli şəkildə aparılması vacibdir. Bu konteksdən həm qarşılanma, həm yerləşdirmə, həm də digər tədbirlərlə bağlı daha sistemli fəaliyyətlərin həyata keçiriləcəyi gözlənilir. Məsələ ondadır ki, Azərbaycan COP 29-a müraciət edəndə, öz potensialını müəyyənləşdirərək ora müraciət təqdim edib. Həmçinin bu işləri həyata keçirib. Ona görə də güman edirəm ki, kifayət qədər beynəlxalq əhəmiyyət daşıyan tədbirin Bakıda həyata keçirilməsi mümkün olacaq. Çünki buna zaman var və bu müddət ərzində hazırlıq işləri həyata keçiriləcək. Sistemli şəkildə bu prosesə hazırlığın həyata keçiriləcəyi gözlənilir. Otellərlə yanaşı, “Olimpiya kəndi”ndən də istifadə olunacağını düşünürəm. Çünki bundan əvvəl Bakıda keçirilən beynəlxalq kütləvi tədbirlərdə həmin kompleksin imkanlarından istifadə edilib. Ona görə də bütün mövcud potensialdan və yeni imkanlardan istifadə etməklə, əminəm ki, Azərbaycan CİP29-u yüksək səviyyədə təşkil edə biləcək. O üzdən hesab edirəm ki, hansısa problem olmayacaq”.
Vidadi ORDAHALLI