"Ermənistan-Azərbaycan dəmir yolunun açılması üzrə sənədlər yüksək hazırlıq səviyyəsindədir" - Overçuk
Ermənistanla Azərbaycan arasında dəmir yolu xətlərinin açılması üzrə sənədlər yüksək hazırlıq səviyyəsindədir. Trend xəbər verir ki, bunu Rusiyanın baş nazir müavini Aleksey Overçuk İrəvanda Rusiya və Ermənistan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında deyib.
Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatına əsasən həyata keçirilir. Bunun üçün üç ölkənin baş nazir müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb.
"İşçi qrup sənədləri hazırlayıb və bugünkü gün, fikrimizcə, bu sənədlər yüksək hazırlıq səviyyəsindədir. Söhbət dəmir yolu xəttinin açılmasından gedir", - o deyib.
Rusiyanın bu prosesdə vasitəçi olduğunu qeyd edən baş nazir müavini, həmçinin, tərəflərin birbaşa fəaliyyət göstərməyə başlaması faktını müsbət hal kimi qiymətləndirib.