Məcburi köçkün şagirdlərə qış geyimləri paylandı - FOTO
Məcburi köçkünlərin sosial problemlərinin həlli, rifah halının yüksəldilməsi hər zaman dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev bu istiqamətdə həyata keçirilən işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışını dövlət siyasətinin strateji istiqamətlərindən biri kimi müəyyən edib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan həmvətənlərimizə həssas münasibəti onlarda dərin minnətdarlıq hissi doğurur.
Dövlət başçısının tapşırığı əsasında, aztəminatlı məcburi köçkün ailələrdən olan şagirdlərin qış üst geyimi ilə təmin edilməsini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi daim diqqətdə saxlayır. Belə ki, respublikamızın müxtəlif regionlarında, rayon mərkəzlərindən kənarda yerləşən kəndlərdə yaşayan aztəminatlı məcburi köçkün ailələrdən olan məktəbliləri üçün bu il də komitənin Təchizat və İstehsalat İdarəsi tərəfindən müəyyən yaş qrupları üzrə gödəkçələr göndərilib, eləcə də komitəyə fərdi qaydada ərizə ilə müraciət edən məcburi köçkün övladlarına geyimlərin verilməsi təmin edilib.
Geyimlər Təchizat və İstehsalat İdarəsinin Bakı şəhərində və respublikamızın müxtəlif regionlarında yerləşən, əsasən, məcburi köçkünlərin çalışdıqları tikiş-toxuculuq sexlərində istehsal olunub.
Komitə sədrinin müvafiq əmri əsasında, 2023-2024-cü tədris ili ili üçün Ağdam rayonuna 1479 gödəkçə, Xocavənd rayonuna 500 gödəkçə, Şuşa rayonuna 600 gödəkçə, Kəlbəcər rayonuna 600 gödəkçə, Füzuli rayonuna 800 gödəkçə, Cəbrayıl rayonuna 600 gödəkçə, Qubadlı rayonuna 650 gödəkçə, Zəngilan rayonuna 600 gödəkçə, Xocalı rayonuna 600 gödəkçə, Laçın rayonuna 600 gödəkçə, Ağcabədi rayonuna 500 gödəkçə, Dövlət Komitəsinin Bərdə rayonunda yerləşən nümayəndəliyinə 550 gödəkçə, Dövlət Komitəsinin Gəncə şəhərində yerləşən nümayəndəliyinə 800 gödəkçə, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinə 47 gödəkçə, “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinə 50 gödəkçə təqdim edilib. Geyimlər aztəminatlı məcburi köçkün ailələrin övladlarına humanitar yardım olaraq pulsuz verilir.
Bundan öncə, yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq, 4 sentyabr 2023-cü il tarixində Dövlət Komitəsi tərəfindən aztəminatlı məcburi köçkün ailələrin övladlarına 6798 dəst məktəbli geyim forması paylanılıb.