Laçında daha 20 ailəyə mənzillərinin açarları təqdim olundu - FOTO
Bakı şəhərinin Qaradağ rayonundan dekabrın 14-də yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 86 nəfər köçürülüb.
Bununla da Laçın şəhərində 383 ailənin, yəni 1475 nəfərin daimi məskunlaşması təmin edilib.