"Böyük Dövlətlərarası Rusiya-İran" sazişinə son qərar verildi...
Mətin Məmmədli: “Yaxın zamanlarda Rusiya və İran arasında “Böyük Dövlətlərarası” müqavilə imzalana bilər”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla telefonla danışıb. Rusiya mediasının yaydığı məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib.
Tərəflər Rusiya-İran qarşılıqlı fəaliyyətinin cari məsələlərini, həmçinin iki ölkə prezidentləri Vladimir Putin və İbrahim Rəisinin son görüşünün nəticələrini müzakirə ediblər. Nazirlər, həmçinin, yeni “böyük” dövlətlərarası sazişin təsdiqini sürətləndirmək barədə razılığa gəliblər.
Xarici İşlər Nazirliyi sənədin yüksək hazırlıq səviyyəsində olduğunu qeyd edib. Bundan əlavə, departament rəhbərləri Yaxın Şərqdəki münaqişədən də danışıblar. Lavrov və Abdullahian atəşkəs və döyüşlər zamanı zərər çəkən bütün mülki şəxslərə yardım göstərilməsinin vacibliyini vurğulayıblar.
“Əməkdaşlığı, tərəfdaşlığı dərinləşdirməyi həm də bir müqavilə ilə rəsmiləşdirmək qərarına gəliblər”
Məsələyə şərh verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Mətin Məmmədli “Bakı-Xəbər”ə “Qeyd edə bilərəm ki, Rusiya və İran bütövlükdə bir sıra regional, eləcə də beynəlxalq, qlobal məsələlərdə müttəfiq və tərəfdaş dövlətlərdir. Onlar çalışırlar ki, siyasətlərini bir yerdə koordinasiya etsinlər. Xüsusilə də ABŞ-a, Qərbə, Qərblə ABŞ-ın Yaxın Şərqdə, Cənubi Qafqazda və digər regionlarda təsirinin artmasına qarşı birgə fəaliyyət göstərirlər. Yəni bu istiqamətdə onları əsas tərəfdaş hesab etmək olar” - deyə qeyd etdi.
Bununla belə, Rusiya və İranın eyni zamanda rəqib dövlətlər olduğunu vurğulayan M.Məmmədlinin sözlərinbə görə, onların uzun illər boyu Cənubi Qafqazda, Xəzər hövzəsində maraqları ciddi surətdə toqquşub. “Buna baxmayaraq, belə demək mümkündürsə, ümumi düşmənə qarşı onlar özlərini müttəfiq, tərəfdaş hesab edirlər. Bu günlərdə İran prezidenti Rusiyada olub, Rusiya prezidenti ilə geniş danışıqlar aparılıb, bu danışıqlar saatlarla davam edib. Görünən odur ki, hər iki ölkə əlaqələri, münasibətləri daha da inkişaf etdirmək, daha da dərinləşdirmək qərarına gəlib. Hər halda belə dəyərləndirərdim. Əməkdaşlığı, tərəfdaşlığı dərinləşdirməyi həm də bir müqavilə ilə rəsmiləşdirmək qərarına gəliblər. Məlumatlardan da aydın olur ki, yaxın zamanlarda Rusiya və İran arasında “Böyük Dövlətlərarası” müqavilə imzalana bilər. Bu ehtimal çox böyükdür” - deyə M.Məmmədli vurğuladı.
İradə SARIYEVA