Azərbaycanda Arbitraj qərarlarının yeni icra mexanizmi yaradılır...
Əkrəm Həsənov: “Arbitrlərə etimad olmalıdır ki, tərəflər onlara müraciət etsinlər”
Milli Məclisdə "Arbitraj haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bu qanun arbitrajın həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətləri tənzimləyəcək, arbitraj sazişinə dair tələbləri, Azərbaycanda arbitraj məhkəmələrinin və daimi arbitraj təşkilatlarının təşkili, fəaliyyət göstərməsi, arbitraj icraatının aparılması, arbitraj qərarlarının tanınması və icrası qaydalarını müəyyən edəcək.
Xatırladaq ki, qanun layihəsinə əsasən, arbitraj – arbitraj məhkəməsi tərəfindən məcburi hüquqi qüvvəyə malik qərarın çıxarılması məqsədilə həyata keçirilən mübahisəyə baxılma prosesidir.
Onu da qeyd edək ki, arbitraj sazişi – tərəflər arasında yaranan və ya yarana biləcək mübahisələrin arbitraja verilməsi barədə tərəflərin razılaşmasıdır. Arbitraj sazişi yazılı formada bağlanılır. Arbitraj sazişi müqavilədə arbitraj qeyd-şərti kimi və ya ayrıca müqavilə formasında ola bilər.
Daimi arbitraj təşkilatı mübahisənin həlli üçün, arbitraj məhkəməsinin səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, arbitraj icraatının idarə edilməsi, arbitrajın təşkilati təminatı, o cümlədən arbitrlərin təyin olunması, onlara etiraz edilməsi və onların səlahiyyətinə (mandatına) xitam verilməsi məsələlərinin həlli, kargüzarlıq, arbitraj haqlarının və digər arbitraj xərclərinin ödənilməsinin təşkili funksiyalarını həyata keçirəcək.
Maraqlıdır, yeni qanunun qəbulu ilə məhkəmələrin iş yükü azalacaqmı? Bu, sahibkarlığın inkişafına təkan verəcəkmi?
“Arbitrajlar normal şəkildə işləsələr, məhkəmələrin iş yükünü azaldacaq, bu da sahibkarlığın inkişafına dəstək verəcək”
Hüquqşünas Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, arbitrlərə etimad olmalıdır ki, tərəflər onlara müraciət etsinlər.
Ekspert hesab edir ki, belə bir qanunun qəbulu müsbətdir: “Arbitrajlar normal şəkildə işləsələr, bu, məhkəmələrin iş yükünü azaldacaq. Bu da sahibkarlığın inkişafına dəstək verəcək. Məlumat üçün bildirim ki, arbitraj tərəflər arasında olan mübahisənin dövlət məhkəməsindən kənar məhkəmədə baxılmasıdır. Arbitraj özəl məhkəmədir. Tərəflər öncədən müqavilə bağlayır və həmin sənəddə qeyd edilir ki, mübahisə yaranarsa, buna dövlət məhkəməsində yox, arbitraj məhkəməsində baxılacaq. Dünya təcrübəsində bu geniş yayılıb. Müxtəlif səbəblərdən (dövlət məhkəməsində işin çox uzanma ehtimalı və s.) tərəflər mübahisələrə arbitrajda baxılmasına üstünlük verirlər. Xarici vətəndaşlar da mübahisələrini Azərbaycanda arbitraj məhkəmələrində həll edə bilərlər. Həmçinin Azərbaycanın hüquqi və fiziki şəxsləri öz mübahisələrini, məsələn, Fransada, Böyük Britaniyadakı arbitraj məhkəmələrində həll edə bilirlər".
Günel CƏLİLOVA