Ağaclara qənim kəsilənlər - meşə mühafizəçiləri?!
Bir-neçə ildir ki, çox arxayın şəkildə Lerik meşələrində talan gedir. Məhv edilən cavan ağacların hesabına milyonlar qazananlarsa elə meşələrin taleyi etibar olunan şəxslərdir.
Necə deyərlər, dərə xəlvət, tülkü bəylik edir. Üstəlik, hər il meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində ağac əkmə, meşə bərpa adı altında həm də dövlətin külli miqdarda pulunu mənimsəyirlər. Bəli, Lerik meşəçiləri onu mühafizə etmək əvəzinə, səlahiyyətləri hesabına istədikləri cavan ağacın ömrünə son qoya bilirlər. Və kəsdikləri qiymətli ağacları əsasən də Lənkəranda, Masallıda, Cəlilabada...qanunsuz fəaliyyət göstərən taxta emal sexlərinə daşıyırlar.
Maraqlısı odur ki, imkansız bir adam qışın soyuğundan körpə balalarını qorumaqdan ötrü ulaqla meşədən beş-altı çürümüş kötük gətirəndə Ekologiya və Təbii Sərvətlər Nazirliyini yerlərdə olan nümayəndələri tez onun qabağını kəsirlər. Amma Bürsülüm, Vov, Ancəqəv, Vənədi ...meşələrində gecə-gündüz işləyən mişarların, ağac materiallarını daşıyan maşınların səslərini eşitmirlər.
1988-1992-ci illərdə də Lerik meşələrində belə bir “genosid” oldu. Var-dövlət hərislərin qəddarlığı hektarlarla zümrüd donlu meşələrin ömrünə son qoydu. Necə ki, ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldi, tezliklə bütün sahələrdə olduğu kimi, Lerikdə də meşələrdə yaşanan acınacaqlı durumun qarşısı alındı. İndi 5-6 il olar yenə meşə mühafizəçiləri tərəfindən heç nəyə baxmadan cavan-cavan ağaclar məhv edilir. Bəzən qırğını pərdələmək məqsədilə bunun qazı olmayan kəndlərin əhalisinin yanacaq oduna olan tələbatını ödəmək məqsədilə edildiyini deyirlər. Amma Lerik meşələrinə qənim olanların kəsdikləri qiymətli ağaclar olur. Yanacaq üçün yıxılmış, ömrünü başa vurmuş o qədər ağac var ki... Bu cür ağaclar mühafizəçilərin nəzarəti altında elə meşədə qalıb çürüyür. Çünki qırğın yalnız qazanc məqsədi daşıyır. Lerik meşələri tükənən halda olsa da, hələlik bu fəsadların qarşısını ala biləcək bir tədbir görülmür.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyini üzvü