Paşinyan Konstitusiyanın preambula hissəsini dəyişməkdən imtina etdi - saziş məsələsi qapanır...
Məhəmməd Əsədullazadə: “Bunu Ermənistanın sülh müqaviləsindən imtinası kimi dəyərləndirmək olar”
Məlum həqiqətdir ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə ən böyük əngəl sonuncunun konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının təsbit edilməsidir. Bu fonda rəsmi Bakının qəti mövqeyi ondan ibarətdir ki, sülhə nail olmaq üçün Ermənistan Konstitusiyasında mütləq dəyişiklik edilməlidir. İrəvan hələ də bundan yayınır.
Ermənistan Konstitusiyasında, o cümlədən digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları qalmaqda davam edir. Ermənistanın 23 avqust 1990-cı ildə qəbul etdiyi Müstəqillik Haqqında Bəyannamə Qarabağı Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirən Ermənistan SSR Ali Şurasının 1 dekabr 1989-cu il tarixli aktına istinad edir. Bu iddia daha sonra 5 iyul 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın preambulasında öz əksini tapıb və Konstitusiyaya 27 noyabr 2005 və 6 dekabr 2015-ci illərdə edilən düzəlişlər zamanı saxlanılıb.
Baş nazir Nikol Paşinyan isə Ermənistan Konstitusiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarını xatırladaraq, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinadın müstəsna olaraq bəyannamədə təsbit olunmuş müddəalara aid edildiyini bildirib. İddia edib ki, onun Konstitusiyanın maddələrinə aidiyyəti yoxdur: “Ermənistan Konstitusiyasının heç bir müddəasında qonşu ölkələrə qarşı ərazi iddiaları yoxdur”. Bütün bunların fonunda Ermənistanın Konstitusiya Məhkəməsi məsələni qəlizləşdirərək hesab edir ki, preambula ümumiyyətlə dəyişdirilə bilməz.
Göründüyü kimi, Paşinyan Konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları olan preambula hissəsini dəyişmək fikrində olmadığını deyib. Belədə sülh sazişi necə olacaq?
“İrəvan həm vaxt udmağa çalışır, həm də silahlanır və hesab edirlər ki, yeni şərtlərlə çıxış edəcəklər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Ümumiyyətlə, Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapıb. Rəsmi İrəvan isə bunu oradan çıxarmaqda qərarlı deyil. Ona görə də bunu Ermənistanın sülh müqaviləsindən imtinası kimi dəyərləndirmək olar. Məsələ ondadır ki, 2026-cı ilin ortalarında Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmin seçkilərə qədər Paşinyan Konstitusiyadan Azərbaycana yönəlik ərazi iddialarını çıxarmaq fikrində deyil. Halbuki, bundan əvvəl Paşinyan Müstəqillik Haqqında Bəyannamənin Ermənistanın inkişafına zərbə vurduğunu demişdi. Çox güman ki, onlar parlament seçkilərindən sonra buna gedəcək. Bu isə vaxtın uzanmasına gətirib çıxaracaq. Onsuz da 2024-cü ildə sülh sazişi imzalanmadı. 2025-ci ildə də proseslər yerində saysa, bu, itirilmiş il olacaq. Yəni Azərbaycan çalışır ki, iki dövlət arasında sülh müqaviləsinin hüquqi əsası olsun. Çünki hüquqi əsas olmadan sülh müqaviləsi etibarlı olmayacaq. Sabah revanşistlər hakimiyyətə gəlsə, o dəqiqə bundan sui-istifadə edəcəklər. Deyəcəklər ki, sülh müqaviləsi Konstitusiyaya ziddir. O üzdən, belə bir problem qalmaqdadır. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan öz şərtlərində qərarlıdır. Ermənistan isə həm vaxt udmağa çalışır, həm də silahlanır. Hesab edirlər ki, yeni şərtlərlə çıxış edəcəklər. Ancaq regionda vəziyyət dəyişir. Türkiyə Ermənistanı sülhə məcbur edəcək”.
Vidadi ORDAHALLI