Ehtiyac meyarı 15 manat artdı - ünvanlı yardımlar nə qədər çoxala bilər?...
Vüqar Bayramov: “Ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək”
Milli Məclisin ötən iclasında “2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. Layihədə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunub.
Qeyd edək ki, yaşayış minimumuna paralel olaraq gələn il üçün ehtiyac meyarı da 285 manat olmaqla təsdiqlənib.
Məlumat üçün bildirək ki, 2024-cü il üçün yaşayış minimumu 270 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.
Qeyd etdiyimiz kimi, ehtiyac meyarı artdı. Maraqlıdır, ünvanlı yardım nə qədər arta bilər?
“Yaşayış minimumunun artması da əhalinin sosial durumunun yaxşılaşması baxımından əhəmiyyətlidir”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yaşayış minimumunun və ehtiyac meyarının artması sosial təminat baxımından vacibdir: “Ehtiyac meyarının artması ünvanlı sosial yardım proqramında sosial yardım məbləğinin artmasına səbəb olur. Bu da imkan verir ki, vətəndaşlar sosial yardımdan daha çox istifadə etsin. Ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək”.
Millət vəkili hesab edir ki, ehtiyac meyarının 285 manata çatması ünvanlı sosial yardım proqramında növbəti ildən etibarən yardım almağa başlayan və ya müddəti başa çatıb, yenidən bərpa olunan vətəndaşların sosial yardım məbləği artacaq. Bu səbəbdən də ehtiyac meyarının artması önəmlidir. Aztəminatlı vətəndaşların sosial müdafiəsi baxımından ehtiyac meyarının 285 manat olması müsbətdir: “Yaşayış minimumunun artması da əhalinin sosial durumunun yaxşılaşması baxımından əhəmiyyətlidir”.
Günel CƏLİLOVA