COP29 gələn il Azərbaycanda keçiriləcək - qərar Dubayda elan edildi
COP29 2024-cü ildə Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib.
Əvvəlcə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ölkəmizlə bağlı təqdimatla çıxış edib.
Ardınca son illər Azərbaycanın mədəniyyətini, tarixini, təbiətini və qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra COP28-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir COP-un növbəti konfransının Azərbaycanda keçiriləcəyini elan edib.
Qeyd edək ki, 2024-cü il COP29-a ev sahibliyi etmək növbə Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib.
Azərbaycanla yanaşı Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdür. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbycanın xeyrinə öz namizədliyini geri çəkib. Bolqarıstan da bundan sonra öz namizədliyini geri çəkib.
TAHİR