"Son 5 ildə kəskin ərzaq qıtlığı yaşayan insanların sayı demək olar ki, üç dəfə artıb" - Ümumdünya Ərzaq Proqramı
Son beş ildə kəskin ərzaq qıtlığı yaşayan insanların sayı demək olar ki, üç dəfə artıb.
Trend xəbər verir ki, bunu Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Qlobal Ofisinin direktoru Martin Frik COP29 çərçivəsində Parlamentlərarası İttifaqın (PAİ) və Azərbaycan Respublikasının Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşü çərçivəsində “Dəyişən iqlim şəraitində sağlamlığın və ərzaq təhlükəsizliyinin qorunması tədbirləri” sessiyası zamanı deyib.
"Son beş ildə kəskin ərzaq çatışmazlığı yaşayan insanların sayı 135 milyondan 320 milyona yüksəlib. Bu, təxminən üç dəfə artım, xüsusilə də İkinci Dünya Müharibəsindən sonra aclıq nisbətlərinin tədricən azaldığını nəzərə alsaq, heyrətləndirici və şokedici bir reallıqdır. Dünya əhalisi sürətlə artırdı, lakin ac insanların mütləq sayı 2015-ci ilə qədər azalırdı", - deyə o bildirib.
M.Frik qeyd edib ki, əvvəlcə durğunluq olub, indi isə ac insanların sayında daim artım var. Bu artımın üç əsas səbəbi var: münaqişə, iqlim dəyişikliyi və iqtisadi qarışıqlıq.
"Münaqişələr təkcə onlardan birbaşa təsirlənən insanlara deyil, bütün dünyaya dağıdıcı təsir göstərir, şok dalğaları yaradır və qlobal nəticələrə gətirib çıxarır", - deyə o bildirib.