COP29 çərçivəsində “Daha yaxşı pambıq” mövzusunda panel müzakirələr keçirilib
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Daha yaxşı pambıq” mövzusunda panel müzakirələr keçirilib. “GP Cotton Holdings”in təşkilatçılığı ilə keçirilən müzakirələrin məqsədi pambıq sənayesinin dəyər zəncirində olan maraqlı tərəfləri bir araya gətirərək, davamlı pambıq təsərrüfatı təcrübələrinin inkişafı, problemləri və imkanları mövzusunda müzakirələr aparmaq olub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, müzakirələrdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov, “GP Cotton Holdings” şirkətinin sədri Young Simpson, “Better Cotton Initiative” təşkilatının standartlar üzrə direktoru Yannis Bellinghausen, Beynəlxalq Pambıq Məsləhət Komitəsinin (ICAC) icraçı direktoru Erik Traxtenberg, “UzTextile” Assosiasiyasının sədri Mirmuxsin Sultanov və “Prime Cotton” şirkətinin baş direktoru Rövşən Mahmudov davamlı təcrübələrin önəmi, o cümlədən dayanıqlılığı artırmaq, ətraf mühitə təsiri azaltmaq və kənd yerlərinin inkişafına dəstək olmaq istiqamətində fikirlərini bölüşüblər.
“GP Cotton Holdings” şirkətinin sədri Young Simpson bildirib ki, “Better Cotton Initiative” ilə əməkdaşlıq etmək “GP Cotton” və Azərbaycan üçün yalnız irəliyə doğru bir addım deyil, həm də dayanıqlı pambıq istehsalında əsas oyunçu mövqeyini tutmaq üçün böyük bir sıçrayışdır. Azərbaycan BCI standartlarına əsaslanaraq, Qərb ölkələrində məsuliyyətlə əldə edilən materiallara artan tələbata uyğunlaşa, daha geniş ixrac imkanlarının qapısını aça və qlobal tekstil bazarlarında etibarlı tərəfdaş kimi nüfuzumuzu yüksəldə bilər.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə pambıqçılıqda tətbiq olunan yeni texnologiyalar, pambıq əkinlərində müasir suvarma sistemlərinin tətbiqinin genişlənməsinə yönəlmiş dəstək mexanizmləri, pambıqçılıqda dəyər zəncirinin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.
Panel müzakirələr sual-cavab formatında davam etdirilib.
NAMİQ