Gürcüstanın Baş naziri COP29-da maliyyə öhdəliklərinin artırılmasına çağırdı
COP29-un uğuru Yeni Kollektiv Kəmiyyət Hədəfininə (NCQG) nail olmaqdan asılıdır. Trend xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda COP29 sammitində çıxışı zamanı bildirib.
O, COP29 sammitində dünya liderlərinə müraciət edərək, Cənubi Qafqaz regionundan olan ölkənin ilk dəfə belə bir tarixi tədbiri təşkil etməsi münasibətilə Azərbaycana təşəkkürünü bildirib.
Kobaxidze Prezident İlham Əliyevə və COP29-un Prezidenti Muxtar Babayevə konfransın uğurunu təmin etməkdə göstərdikləri liderliyə görə minnətdarlığını ifadə edib.
Baş nazir iqlim dəyişikliyi ilə mübarizənin təxirəsalınmazlığını vurğulayaraq, onun Gürcüstan kimi həssas ölkələr üçün geniş təsirləri olduğunu qeyd edib.
O, həmçinin, insan hüquqları və ətraf mühitin mühafizəsi arasındakı əlaqəni qeyd edərək, Gürcüstanın təmiz ətraf mühit hüququna olan sadiqliyini xatırladıb. O, 2019-2020-ci illərdə Gürcüstanın Avropa Şurasına sədrliyi dövründə insan hüquqları və ətraf mühitin mühafizəsinin prioritet olduğunu və bu məsələlərin hüquqi sahədə əhəmiyyətli irəliləyişin əsasını qoyduğunu bildirib.
Çıxışında baş nazir Gürcüstanın 2030-cu ilə qədər qlobal istixana qazı tullantılarını yarıya endirməyə sadiq olduğunu əlavə edib.
O, həmçinin, Gürcüstanın qlobal istiləşməni 1,5°C hədəfi çərçivəsində saxlamağa yönəlmiş 3-cü Yeni Kollektiv Kəmiyyət Hədəflərini (NCQG) 2025-ci ilə qədər təqdim etməyi planlaşdırdığını qeyd edib.
İrakli Kobaxidze COP29-un uğurunun iqlim maliyyələşdirilməsi üzrə kollektiv kəmiyyət məqsədinə nail olmaqdan asılı olduğunu vurğulayaraq, inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə üzrə tədbirlər üçün adekvat maliyyə dəstəyinin təmin edilməsi üçün cari 100 milyard dollarlıq hədəfin əhəmiyyətli dərəcədə artırılmasına çağırış edib.