“"Qan durulducu dərmanlar ölüm riskini artıra bilər” - türkiyəli professordan XƏBƏRDARLIQ
Türkiyəli professor Özgür Mehtap qan durulducu dərmanlarla bağlı açıqlama verib. Anadolu Agentliyi xəbər verir ki, tanınmış professor qan durulducu dərmanların nəzarətsiz istifadəsinin ciddi qanaxmalara səbəb ola və ölüm riskini artıra biləcəyini qeyd edib. SİTAT: “Qan laxtalanması damar tıxanmasına (tromboz) səbəb olur. Bu da dünyada ölüm hallarının 25 faizinin əsas səbəbidir. Ürək damarlarında tıxanma infarkt, beyin damarlarında tıxanma isə insult yarada bilər. Ağciyər damarlarında tıxanma nəticəsində emboliya və tənəffüs çatışmazlığı meydana gəlir.
Yüksək riskli insanlara profilaktik olaraq tətbiq edilən qan durulducu müalicələr trombozun qarşısını almaq məqsədi daşıyır. Lakin bu dərmanların həkim nəzarəti olmadan istifadəsi qanaxma riskini artıra bilər. Hansı şəxsə, hansı növ və müddətdə qan durulducu dərman istifadə olunacağına yalnız həkim qərar verməlidir. Özbaşına bu cür dərmanlardan istifadə etmək təhlükəlidir”.
Mətləb Salahov