Faiq Ələkbərli “50 milyonun Zəfəri” adlı konfransda iştirak edib
Oktyabrın 26-da “Ortaq Dəyərlər” İctimai Birliyinin təşkilatçılığı , eyni zamanda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Sosial Tədqiqatlar Mərkəzinin ev sahibliyi ilə “Xarici ölkələrdə yaşayan azərbaycanlıların haqlarının müdafiəsi” layihəsi çərçivəsində “50 milyonun Zəfəri” adlı konfrans keçirilib.
Konfransda Güney Azərbaycanda, o cümlədən, Gürcüstanda, Rusiyada və digər ölkələrdə yaşayan soydaşlarımızın ana dilində təhsil, milli-mədəni haqlarının vəziyyəti, Prezident İlham Əliyevin bu istiqamətdə səsləndirdiyi fikir və tövsiyələrinə uyğun olaraq görülməli işlərə diqqət yetirilib, 44 günlük Vətən müharibəsində bütün azərbaycanlıların vahid güc kimi birləşməsi, xüsusən, Güney azərbaycanlıların Xudafərinə gələrək əsgərlərimizi dəstəkləməsi, əldə etdiyimiz tarixi Zəfəri milli birlik ideyasının qaynağı kimi bütün azərbaycanlılara təşviq etmək və s. haqda danışılıb.
Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutu “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli də iştirak edib. Faiq Ələkbərli çıxışında bildirib ki, Azərbaycan milli ideyasının özündə tarixi-coğrafi bütövlüyümüz, birliyimiz, milli dirçəlişimiz ifadə olunub. Yeni dövrdə Azərbaycan milli ideyasının, Azərbaycan Cümhuriyyətinin qurucusu, milli ideoloq Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulmuşdur ki, hazırda 50-60 milyonluq bir xalq olan Azərbaycanlılar ən azından milli mədəni bütövlüyünü qoruyub saxlamaqdadır. Faiq Ələkbərliyə görə, sadəcə ötən iki əsr ərzində milli bütövlüyümüz xeyli dərəcədə zədələnmişdir ki, çağdaş dövrdə milli aydınların üzərinə düşən bütün bu neqativ halları aradan qaldırıb, yenidən milli bütövlüyümüzü bərpa etməkdir.