"Fransanın Ermənistanı silahlandırması sülh prosesinə əngəl yaradır" - Kərim Vəliyev NATO generalı ilə görüşüb
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, general-polkovnik K.Vəliyev NATO ilə münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışan Baş Qərargah rəisi hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ciddi riayət olunduğunu və mülki əhalinin hədəfə alınmadığını xüsusi qeyd edib.
“Ölkəmiz azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini, eləcə də humanitar minatəmizləmə fəaliyyətini sürətlə davam etdirir. Qarşımızda duran əsas maneə Ermənistanın işğalı nəticəsində yaranmış mina terrorudur”, - deyə general-polkovnik K.Vəliyev bildirib. Qonaqlar, həmçinin Azərbaycan-Ermənistan şərti sərhədində cari vəziyyət barədə də ətraflı məlumatlandırılıb.
General-polkovnik K.Vəliyev NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində bölmələrimizin hazırlığına böyük töhfə verildiyini bildirərək, əməkdaşlığımızın bundan sonra da davam etdirilməsinin zəruriliyini diqqətə çatdırıb. Baş Qərargah rəisi şərti sərhədin Ermənistan ərazisində Avropa İttifaqının müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb.
General-leytenant Y.Adamçak ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətini yüksək qiymətləndirib, o cümlədən Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş və digər sülhməramlı missiyalarda verdiyi töhfəyə görə minnətdarlığını bildirib.
Görüşdə hərbi, hərbi təhsil sahəsində birgə əməkdaşlıq, regional təhlükəsizlik və digər məsələlər müzakirə edilib.
Mətləb Salahov