“Bastion”dan “Sezar”adək - Fransa Ermənistanı silah himayəsinə götürdü...
Məhəmməd Əsədullazadə: “Fransa Cənubi Qafqazda militarist siyasət həyata keçirir”
Belə görünür ki, Ermənistanın Fransa tərəfindən silahlandırılması yeni mərhələyə keçir. Fransa senatorları Hüqo və Helen Konvey-Mure bəyan ediblər ki, Ermənistana satılan silahlar təkcə müdafiə üçün deyil.
Fransa Senatının büdcə departamentinin hesabatında qeyd edilir ki, indi növbədə SEZAR artilleriya sistemləri və MISTRAL 3 raket komplekslərinin tədarüküdür: “Ermənistan Fransa ilə GM 200 radarlarının alınması və MISTRAL 3 raket komplekslərinin çatdırılması üçün danışıqlar aparır”.
Hesabatda qeyd olunur ki, Paris Ermənistan hakimiyyətinin artilleriya avadanlığının alınması ilə bağlı bütün müraciətlərinə operativ cavab verməlidir. Həmçinin, “SEZAR artilleriya sistemlərinin effektivliyini nəzərə alaraq, onların çatdırılmasını mümkün qədər tez həyata keçirməyi tövsiyə edir”.
“Parisin Ermənistana silah tədarükü İrəvanı danışıqlar prosesindən çəkilməyə sövq edə bilər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, bununla Fransa Cənubi Qafqazda militarist siyasət həyata keçirir. Politoloq bunu belə əsaslandırdı: “Fransanın Ermənistanı silahlandırması və hücum silahları ilə təmin etməsi istiqamətində planları regionda sülhü təhdid edir. Azərbaycan və Ermənistan arasında müəyyən müstəvidə danışıqlar gedir. Eyni zamanda, sülh imkanları var. Belə olan təqdirdə Parisin Ermənistana silah tədarükü İrəvanı danışıqlar prosesindən çəkilməyə sövq edə bilər. Və Ermənistanda sönməyən revanşizmi qızışdıracaq. Parisin də məhz məqsədi odur ki, sülh əldə olunmasın. Ermənistan Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi baglamasın. Regionda öz geosiyasi mövqelərini gücləndirə bilsin. Ona görə də Paris Cənubi Qafqazda təşəbbüsü ələ almağa çalışır. Bu səbəbdən də öz hərbi dəstəyini əsirgəmir. Hesab edirəm ki, Paris çox yanlış strategiya izləyir. Bunlar Parisin öz geosiyasi mövqelərini zəiflədəcək. Azərbaycan regionun aparıcı ölkəsidir. Fransanın kiçik və heç bir perspektivi olmayan, yalnız lobbi cəhətdən siyasi dəstək alan Ermənistanla əlaqələrinin gələcək perspektivləri yoxdur”.
Vidadi ORDAHALLI