Dünyada qızılın bahalaşması Azərbaycana da təsirsiz ötüşmədi...
Kamran Məmmədli: “Ölkədaxili bazarda qızılın qiymətləndirilməsi birjalarla bağlıdır”
Dünya bazarında qızılın qiyməti təxminən 1 faiz artaraq tarixdə ilk dəfə 1 unsiyası 2 100 ABŞ dollarını keçib. Hətta Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 17,7 ABŞ dolları və yaxud 0,85 faiz bahalaşaraq 1 unsiyası 2 107,15 ABŞ dolları olub.
Maraqlıdır, son günlərdə Bakıda qızılın qiymətində hansı dəyişikliklər baş verib?
“Azərbaycanda qızılın qiyməti toy mövsümündən müəyyən dərəcədə aslı olsa da, daha çox dünya bazarındakı qiymətdən asılıdır”
İqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkədaxili bazarda qızılın qiymətləndirilməsi birjalarla bağlıdır: “Son illər birjalarda qızılın qiymətində dinamik artım müşahidə olunur. Həm ölkəmizdə, həm də dünyada pandemiya dövründən bugünə qədər qızıl son illərin ən bahalı dövrünü yaşayır. Məlumat üçün bildirim ki, birjalarda qızılın qiyməti xammala əsasən müəyyən olunur və onun üzərinə əməkhaqqı gəlir. Ölkəyə qızıl əsasən Birləşmiş Ərəb Əmirliyindən, Türkiyədən, digər Yaxın və Uzaq Şərq ölkələrindən gəlir. Həmin ölkələrdəki işçilərin də əməkhaqları məhsulun üzərinə gəlir və satışa çıxarılır. Bu, Azərbaycanda da belədir”.
Ekspertin sözlərinə görə, Azərbaycanda qızılın qiyməti toy mövsümündən müəyyən dərəcədə aslı olsa da, daha çox dünya bazarındakı qızılın qiymətindən asılıdır. Satıcılar özləri də süni qiymət artımına yol verirlər. Bu da alıcı itkisinə səbəb olur: “Qızıl satanlar da, təbii olaraq, inflyasiya ilə ayaqlaşmaq üçün öz malının qiymətini artırmağa çalışır. Ancaq kəskin qiymət artımının olacağını düşünmürəm. Çünki Azərbaycanda alıcılıq qabiliyyəti anlayışı da var. Yəni satıcılar qiyməti çox qaldırsalar, alıcı tapa bilməyəcəklər. Ona görə ki, alıcılıq qabiliyyəti Azərbaycanda o qədər də yüksək səviyyədə deyil” .
K.Məmmədli onu da əlavə etdi ki, qızıl qiymətinə təsir göstərən daxili faktorlardan biri toy mövsümüdür. Qızıla olan tələbat mövsümi faktor olaraq artır: “Bu da qızıl qiymətinə bir az təsir göstərir. Ümumilikdə isə, qızıl bazarında hər hansı ciddi qiymət artımı gözlənilmir”.
Günel CƏLİLOVA