Özünü insan haqlarının carçısı adlandıranlar qayıdış hüququnun kimə verilib-verilməyəcəyi ilə bağlı özlərinə “səlahiyyət” uydururlar - Əziz Ələkbərli
Ermənistandan didərgin salınmış azərbaycanlıların dinc yolla öz evlərinə qayıtmaq tələblərinin Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirən hal kimi qələmə verilməsi yolverilməzdir.
Trend xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıdışını təmin etmək: Qlobal məzmun və ədalətli həll” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Ə.Ələkbərli Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması, Qərbi Azərbaycan İcması və onun sələfi - 1989-ci ildə təsis edilmiş Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib.
Həmçinin, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər mühüm beynəlxalq konvensiyalarla tanınmış olan qayıdış hüququnun İcmanın fəaliyyətinin əsas məqsədini təşkil etdiyini bildirən sədr bu məqsədə dialoq yolu ilə nail olmaq əzmində olduqlarını bildirib.
“Özünü insan haqlarının carçısı adlandıran bəzi qüvvələr beynəlxalq hüquqla tanınmış olan qayıdış hüququnun kimə verilib-verilməyəcəyi ilə bağlı özlərinə “səlahiyyət” uydururlar. Belə ikili standartlar və ayrı-seçkilik cəhdləri yolverilməzdir”,- deyə o əlavə edib.