Vilayət Eyvazovun məktubu bir çox təsəvvürləri dəyişəcək...
Azər Həsrət: “Jurnalistləri Müdafiə Komitəsinə daxili işlər naziri Vilayət Eyvazovun məktub göndərməsi təqdirəlayiqdir”
Noyabrın 30-da Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsinə məktub göndərib.
Komitənin saytındakı məlumatda deyilir ki, Eyvazov elektron poçtla bildirib ki, Həsənli, Vaqifqızı və Kekalova qarşı ittihamların onların işilə əlaqəli olması barədə iddialar “tamamilə əsassızdır”.
Eyvazov bildirib ki, həmin üç nəfər “gömrük nəzarətindən kənarda və ya gizli və bəyannamə olmadan" Azərbaycanın dövlət sərhədindən "böyük miqdarda xarici valyuta" keçiriblər və “Abzas Media”nın ofisində tapılan 40 000 avro qaçaqmalçılıqla keçirilən valyutanın "bir hissəsi" olub.
Eyvazovun bu məktubu məlum media resurslarının fəaliyyəti və niyə həbs olunduqları ilə bağlı beynəlxalq qurumlarda daha obyektiv rəyin yaranmasına nə kimi təsir göstərəcək?
“…Təcrübə davam etdirilməlidir”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, daxili işlər nazirinin sərgilədiyi bu təcrübəni davam etdirmək lazımdır: “Nazirin ortaya qoyduğu təcrübə davam etdirilməlidir. Çünki uzun illərdir müşahidə etdiyimiz bir durum var. Beynəlxalq təşkilatlar Azərbaycan dövlət orqanlarına müxtəlif məsələlərlə bağlı müraciətlər edir. Yəni kimsə həbs olunanda, döyülmə faktı, yaxud hər hansı bir iddia olanda, təəssüflər olsun ki, bizim dövlət qurumları beynəlxalq qurumların bununla bağlı müraciətlərinə cavab vermirlər. Dövlət qurumlarımız cavab vermədikləri üçün də beynəlxalq təşkilatlar məlumatları birtərəfli yayır.
Jurnalistləri Müdafiə Komitəsinə daxili işlər naziri Vilayət Eyvazovun məktub göndərməsi təqdirəlayiqdir. Düşünürəm ki, istənilən iddia ilə bağlı istənilən müraciətə cavab verilməlidir. Əgər o təşkilatlara lazımı cavab verilirsə, onlar da məcburiyət qarşısında balanslı bir xəbər yaymağa məcbur olurlar”.
Beynəlxalq qurumların Azərbaycanla bağlı fəaliyyətlərini yaxından izlədiyini deyən A.Həsrət bildirdi ki, o cümlədən də Jurnalistlərin Müdafiə Komitəsinin Azərbaycanla münasibətini izləyir. O qeyd etdi ki, Azərbaycan dövlət qurumlarının onların müraciətinə vaxtında cavab verməməyi bizim əleyhimizə işləyir, amma V.Eyvazovun məktubu bizim xeyrimizə olan məsələdir. “Onlar aldıqları cavabı da yayımlamağa məcburdurlar. Bu halda balans gözlənilə bilir”-deyə A.Həsrət qeyd etdi.
Müsahibimiz hesab edir ki, Daxili işlər nazirinin məlum məktubu Azərbaycanla bağlı yanlış təsəvvürləri dəytişəcək.
Əli TURABOV