Dünyanın donor təşkilatları azad rayonlarımızın bərpasından 2 səbəbə görə qaçır...
Yadigar Məmmədli: “Donor təşkilatlarının timsalında Azərbaycana münasibətdə acımasız bir biganəlik hökm sürür”
Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bəyan edib ki, dünyanın donor təşkilatları işğaldan azad edilmiş ərazilərin bərpasına biganədir:
“Bu günə qədər bizə bərpa işlərində köməklik edən Özbəkistan və Qazaxıstan qardaş dövlətlər olub. Füzuli şəhərində məktəb və uşaqların yaradıcılıq mərkəzi inşa edilibdir və hazırda Qırğızıstan Respublikası da Ağdam rayonunda məktəb inşası ilə məşğuldur. Vəssalam. Bundan başqa, necə deyərlər, bizə bir daş da müftə verilməmişdir. Biz bütün bu işləri öz hesabımıza edirik. Dünyanın bir çox donor təşkilatları var, onlar, necə deyərlər, bu məsələyə biganədirlər. Halbuki, bu böyük ərazini bu vəziyyətdə görən minlərlə xarici nümayəndə olub”.
Ümumən, donor təşkilatların bərpa prosesinə belə biganə yanaşmalarının iki səbəbi var. Birincisi, onlar bunu qəsdən edirlər ki, müharibədən sonra Azərbaycan daha da zəif duruma düşsün. Azad edilən rayonların bütün maliyyə ağırlığı Azərbaycanın üzərinə düşsün ki, ölkəmiz zəifləsin. İkincisi, dünyadakı erməni lobbisinin qorxusundan onlar bu istiqamətdə addım atmırlar.
“Qərbin Azərbaycana münasibəti qərəzli olduğu üçün həmin fondlar bərpa prosesinə qoşulmur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media eksperti Yadigar Məmmədlinin fikrincə, həqiqətən də donor təşkilatlarının timsalında Azərbaycana münasibətdə acımasız bir biganəlik hökm sürür: “Fakt ondan ibarətdir ki, Azərbaycan 30 il işğal altında olan ərazilərini azad etdi. Məlum oldu ki, yaşayış məntəqələrinin əksəriyyəti məhv edilərək yer üzündən silinib. Yalnız ermənilərin yaşadığı kəndlər dağıdılmayıb. Torpaqlar azad edilən kimi, Azərbaycan bərpa quruculuq işlərinə başladı. Cənab Prezident qeyd etdi ki, müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Bütün bunlar kifayət qədər böyük vəsaitlərdir. Ancaq nəzərə alsaq ki, dağıntıların miqyası həddən artıq böyükdür, o zaman bərpa prosesində bütün yükü Azərbaycanın üzərinə qoymaq doğru deyil. Ancaq çox təəssüflər olsun ki, beynəlxalq donor təşkilatları ötən 4 ildə bərpa prosesinə ümumiyyətlə maraq göstərməyiblər. Bir qəpik belə maliyyə yardımı göstərməyiblər. Hesab edirəm ki, Azərbaycana münasibətdə belə ədalətsizlik heç də təsadüfü deyil. Məsələ ondadır ki, dünyadakı donor təşkilatları Qərbin nəzarətindədir. Çünki onları maliyyələşdirən aparıcı Qərb ölkələridir. Qərbin Azərbaycana münasibəti qərəzli olduğu üçün həmin fondlar bərpa prosesinə qoşulmur. Bax, məsələnin kökündə dayanan başlıca səbəb bununla bağlıdır. Qərbin məqsədi odur ki, Azərbaycan Neft Fonduna toplanan bütün vəsaitləri bərpa prosesinə xərcləsin. Daha sonra məcbur olub qərb maliyyə institutlarından Azərbaycan yüksək faizlə kredit götürsün. Heç şübhəsiz, burada müsəlman faktoru da var. Hesab edirlər ki, Azərbaycan müsəlman ölkəsi olduğu üçün belə bir yardım vacib deyil. O yardımı xristian Ermənistana yönəldillər. Ən nəhayət, dünyadakı erməni lobbisi də buna mane olur. Ancaq erməni lobbisi amili bu məsələdə həlledici faktor deyil”.
Vidadi ORDAHALLI