Prezidentin Türkiyə - Azərbaycan Universitetinə verdiyi "seçim hüququnun" mahiyyəti nə deməkdir...
Kamran Əsədov: “Müstəqil tələbə seçimi hüququ ilə universitet, tələbələri öz tədris proqramlarına daha uyğun meyarlara əsasən seçə bilər”
Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən Azərbaycanın ali təhsil müəssisələrinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, təhsil müəssisəsinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib. Maraqlıdır, təhsil müəssisəsinə tələbə seçimini müstəqil aparmaq hüququ nə deməkdir və təhsil sahəsinə nə vəd edir?
“Bu qərar, ali təhsil müəssisəsi üçün geniş imkanlar açır və onun daha çevik, müasir, tələbələr üçün rəqabətə davamlı və keyfiyyətli təhsil mühiti yaratmasına şərait yaradır”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan Universiteti ilə bağlı imzaladığı sərəncamda təhsil müəssisəsinə tələbə seçimini müstəqil aparmaq hüququnun verilməsi bir sıra əhəmiyyətli yenilikləri vəd edir: “Bu qərar ali təhsil müəssisəsi üçün geniş imkanlar açır və onun daha çevik, müasir, tələbələr üçün rəqabətədavamlı və keyfiyyətli təhsil mühiti yaratmasına şərait yaradır.
İlk növbədə deyim ki, tələbə qəbulunun müstəqil aparılması o deməkdir ki, Türkiyə-Azərbaycan Universiteti öz tələbə seçimi prosesini müəyyən qaydalar çərçivəsində, lakin daha fərqli və çevik şəkildə həyata keçirə biləcək. Bu da ənənəvi qəbul mexanizmlərindən daha müasir və beynəlxalq standartlara uyğun bir yanaşmanın tətbiqinə imkan verə bilər.
Seçim kriteriyalarının təyin edilməsi barədə deyim ki, universitet öz xüsusi təhsil proqramlarına uyğun olaraq seçim meyarlarını təyin edə bilər. Məsələn, yalnız akademik nəticələrə deyil, həm də tələbələrin bacarıqlarına, maraqlarına, iş təcrübələrinə və sosial aktivliklərinə diqqət edəcək.
İmtahan sistemində fərqliliklərə gəlincə, deyim ki, Türkiyə-Azərbaycan Universiteti qəbul imtahanları və ya digər qiymətləndirmə metodlarını öz tədris modellərinə uyğun şəkildə tətbiq edə bilər. Bunun nəticəsində, təhsil müəssisəsi daha spesifik qabiliyyət və bilikləri olan tələbələri qəbul edə bilər. Müstəqil tələbə seçimi hüququ ilə universitet, tələbələri öz tədris proqramlarına daha uyğun meyarlara əsasən seçə bilər. Bu o deməkdir ki, Türkiyə-Azərbaycan Universiteti təhsil proqramlarını daha çevik, tələbə yönümlü və innovativ şəkildə təşkil edərək, bir çox üstünlüklərə nail ola bilər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, tələbələrin qəbulu zamanı rəqəmsal savadlılıq, beynəlxalq təcrübə və ya texnologiyaya uyğunlaşma kimi xüsusi bacarıqlar diqqətə alınaraq tədris proqramları da qurula bilər: “Universitet innovativ yanaşmaları və yeni tədqiqat metodlarını tətbiq etməklə tələbələri tədqiqat işlərinə yönəldə bilər, xüsusilə də texnologiya və mühəndislik sahələrində yüksək ixtisaslı mütəxəssislər hazırlamağa yönəlik tədris modelləri tətbiq edə bilər. Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulunda müstəqillik qazandığı üçün, beynəlxalq səviyyədə tanınan sertifikat və ya imtahan nəticələrini qəbul edə bilər. Bu, universitetin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək və xarici tələbələrin də bu təhsil müəssisəsinə cəlb olunmasını asanlaşdıracaq.
Onu da deyim ki, universitet tələbə seçimi zamanı beynəlxalq tələbələrə açıq ola bilər və daha geniş qlobal təhsil şəbəkəsinə qoşulmaq imkanı qazanacaq. Türkiyə və digər ölkələrlə ikili diplom proqramlarının inkişaf etdirilməsi üçün geniş imkanlar yaranacaq. Bu, universitetin qlobal səviyyədə tanınmasını və nüfuzunu artıracaq. Müstəqil tələbə seçimi hüququ, universitetin yüksək keyfiyyətli tələbələri qəbul etməsinə və akademik mühitin daha rəqabətədavamlı olmasına kömək edəcək. Bu da öz növbəsində təhsil müəssisəsinin akademik səviyyəsini və nüfuzunu artıracaq
Universitet ən yaxşı və uyğun tələbələri seçməklə tədris keyfəyyətini yüksəldə biləcək. Tələbə seçimində müstəqillik təhsil müəssisəsinə tələbə ehtiyaclarına uyğun, daha çevik və uyğunlaşmış tədris proqramları təşkil etməyə imkan verir”.
Ekspert hesab edir ki, Türkiyə-Azərbaycan Universiteti Cənubi Qafqaz və Türkiyə üçün mühüm təhsil mərkəzinə çevrilə bilər. Universitetin müstəqil qəbul prosesi bu təhsil müəssisəsini regionda cəlbedici edəcək: “Beynəlxalq reytinqlərdə yüksələcək. Universitetin tələbə qəbulunda müstəqilliyi, tədris keyfiyyətini artırmaqla onu beynəlxalq təhsil reytinqlərində daha yüksək mövqeyə daşıyacaq.
Eyni zamanda, universitetin elmi fəaliyyətləri və tələbə qəbulu sistemində yeniliklər regionda elmi tədqiqatların inkişafına və əməkdaşlıq imkanlarına da təkan verəcək. Beləliklə, Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan Universiteti ilə bağlı sərəncamı və universitetin tələbə seçimini müstəqil şəkildə aparmaq hüququ, təhsil müəssisəsinin daha müstəqil, çevik və beynəlxalq standartlara uyğun təhsil verməsinə imkan yaradacaq. Bu, tədris keyfiyyətinin yüksəlməsinə, beynəlxalq əməkdaşlığın genişlənməsinə və regionda təhsil səviyyəsinin artmasına böyük töhfə verəcək. Universitetin bu yeni hüquqları tələbə mərkəzli və müasir tədris mühitinin yaradılmasına zəmin hazırlayacaq”.
Günel CƏLİLOVA