Azərbaycana müharibə açmış konqresmenlərin 99 faizi demokratlardır - bircə nəfər isə...
Əli Mustafa: “Demokratlar Partiyasında erməni lobbisinin təsir imkanları daha güclüdür”
Məlum olduğu kimi, ermənipərəst konqresmen Adam Şiff Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsindən düz bir il sonra ölkəmiz əleyhinə qanunvericilik təşəbbüsü ilə çıxış edib. Qanun layihəsi Nümayəndələr Palatasının aşağıdakı üzvləri tərəfindən dəstəklənib:
Frank Pallone (demokrat – Nyu-Cersi), Anna Eshoo (demokrat - Kaliforniya), Qeyb Amo (demokrat - İllinoys), Coys Bitti (demokrat - Ohayo), Cim Kosta (demokrat - Kaliforniya), Coş Qottaymer (demokrat - Cersi), Duq LaMalfa (respublikaçı - Kaliforniya), Set Magaziner (demokrat - İllinoys), Ceyms MakQovern (demokrat - Massaçusets), Qreys Menq (demokrat - Nyu York), Kevin Mullin (demokrat - Kaliforniya), Qreys Napolitano (demokrat - Kaliforniya), Eleanor Holms Norton (demokrat - Kolumbiya), Yan Schakovski (demokrat - İllinoys), Linda Sanchez (demokrat -Kaliforniya), Bred Şerman (demokrat - Kaliforniya), Dina Titus (demokrat - Nevada) və Lori Trahan (demokrat - Massaçusetsd).
Burada diqqəti çəkən məqam odur ki, Azərbaycana qarşı bir belə konqresmen içində Respublikaçılar Partiyasından yalnız bir nəfər konqresmen var. O da ermənilərin sıx yaşadığı Kaliforniya ştatını təmsil edir. Yerdə qalanların hamısı hakim Demokratlar Partiyasını təmsil edir.
“Hazırkı Bayden administrasiyası Cənubi Qafqaz siyasətində Ermənistanla əməkdaşlıq edir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa belə vəziyyətin yaranmasını bir sıra amillərlə əlaqələndirdi: “Demokratlar Konqresdə Azərbaycan əleyhinə layihə ilə çıxış edirlər. Layihəni müdafiə edənlərin əksəriyyəti demokratlardır. Nəzərə almaq lazımdır ki, Demokratlar Partiyasında erməni lobbisinin təsir imkanları daha güclüdür. 1992-ci ildə ABŞ Konqresi Azərbaycana dövlət yardımını qadağan edən 907-ci düzəlişi məhz Depokratlar Partiyasını təmsil edənlərin təşəbbüsü ilə qəbul edib. 2020-ci ilin prezident seçkilərində ABŞ erməniləri Baydenə səs verdilər. Düzdür, erməni lobbisinin Respublikaçılar Partiyasında da tərəfdarları var, amma onlar azdır. Məsələ ondadır ki, erməni lobbisi ənənəvi olaraq Demokratlar Partiyası ilə daha yaxındır və onlarla yaxşı işləyir. Üstəlik, hazırkı Bayden administrasiyası Cənubi Qafqaz siyasətində Ermənistanla əməkdaşlıq edir. Azərbaycana istədikləri məsələləri diqtə edə bilmirlər. Bu da Vaşinqtonda müəyyən qədər narazılıq yaradır. Ona görə də bütün bunlar bir təzyiq aləti kimi Azərbaycana qarşı istifadə edilir. Yəqin ki, bu, Bayden administrasiyası ilə birgə fəaliyyətin nəticəsidir. Başqa bir tərəfdən, Rusiya və Cənubi Qafqazla bağlı Birləşmiş Ştatların strateji planları bu günləri Ermənistan üzərindən həyata keçirilir. Yəni bir formada Ermənistanı ümidləndirmək istəyən dairələr var. İstənilən halda bu layihə ədalətli deyil. Azərbaycanın haqlı olduğu məqamların üzərindən xətt çəkirlər. Azərbaycan əraziləri işğal altında olanda, yaşayış məntəqələrimiz viran ediləndə Konqresin səsi çıxmadı. Bir dəfə də olsun bu məsələni hansısa formada gündəmə gətirmədilər. Ancaq antiterror əməliyyatlarından sonra etnik ermənilər könüllü şəkildə Qarabağı tərk edəndən sonra bundan bizə qarşı sui-istifadə edirlər. Biz bir şeyi nəzərə almalıyıq ki, onların maraqları tələb edəndə istənilən məsələni dövlətin əleyhinə çevirə bilirlər. Bu zaman həqiqətin, haqqın harada olmasının önəmi olmur. Ona görə də Azərbaycan Demokratlar Partiyası ilə işləməlidir. Diasporamız fəallığını artırmalıdır”.
Vidadi ORDAHALLI