Fransanın gizli planı - Sent-Luis adasının mindən çox sakini məhv edilməlidir...
Azər Həsrət: “Amerika Birləşmiş Ştatları, Britaniya, Almaniya, BMT tribunasından belə bu məsələ diqqətə çatdırılmalıdır”
Bir müddətdir ki, Sakit Okeanda yerləşən Yeni Kaledoniyada Fransa Hökumətinin "seçki islahatı"na qarşı etiraz aksiyaları başlayıb. Baş verən iğtişaşlara cavab olaraq, Fransa adaya ordu yeridib. Bunun nəticəsində çoxlu sayda yaralı, ölən və saxlanılanlar var.
Yeni Kaledoniyadakı Sent-Luis qəbiləsi Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq məhkəmə müraciəti yayıb. Müraciətdə deyilir ki, 2024-cü il 13 may tarixindən, Yeni Kaledoniyadakı indiki hadisələrin başlanğıcından etibarən, Fransa bu uzaq ərazidə köhnə müstəmləkə kabusunu yenidən canlandırmağa başlayıb: “Dövlətin adanın cənubundakı Mont-Dore kommunasında yerləşən Saint-Louis qəbiləsinə münasibəti təəssüf ki, Əlcəzair müharibəsi zamanı yerli əhaliyə qarşı edilən rəftarı xatırladır. Heç bir xəcalət çəkməyən dövlət, qeyri-mütənasib güc münasibətinə baxmayaraq, zərərsizləşdirilməli və susdurulmalı olan 1 200 cinayətkarla iş aparırmış kimi davranır”.
Məlumat üçün bildirək ki, bu dövlət 1853-cü ildən Fransanın işğalında yaşayır. Adalarda böyük nikel yataqları var. Bu yataqlar öz həcminə görə dünyada üçüncü yerdədir.
Elə bu səbəbdəndir ki, Fransa Yeni Kaledoniyanı müstəmləkə altında saxlayır.
Maraqlıdır, Kaledoniyanın Sent-Luis adasında bu vəhşiliklərə dünya niyə reaksiya vermir? Ümumiyyətlə, Fransanın məqsədi həmin bir neçə min nəfərlik ada əhalisini tamamilə fiziki məhv etməkdir?
“Fransa doğrudan da iddia etdiyi kimi mədəniyyət və demokratiyanın beşiyidirsə, Kaledoniyadakı insanlara azadlıq bəxş etməlidir”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dünya Kaledoniyanın Sent-Luis adasında baş verənlərə o qədər biganə yanaşır ki, günün birində həmin insanların tam olaraq məhv edilməsi gözləniləndir: “Özünü demokratiyanın, mədəniyyətin beşiyi sayan bir dövlətin XXI əsrdə belə vəhşi davranışı anlaşılan deyil. Fransa doğrudan da iddia etdiyi kimi mədəniyyət və demokratiyanın beşiyidirsə, Kaledoniyadakı insanlara azadlıq bəxş etməlidir. Ancaq bəlli olur ki, Fransa tək Kaledoniyada deyil, hələ də müstəmləkə altında tutduğu torpaqlarda insanları davamlı şəkildə zülm altında saxlayır. Həmin insanların ölməsi Fransanın vecinə belə deyil. Üstəlik, o insanların üzərinə ordu, polis yeridərək, odlu silahdan atəş açaraq insanları məhv edirlər. Belə bir şəraitdə dünya bu məsələyə biganə qalmamalıdır”.
Həmsöhbətimiz hesab edir ki, vəziyyət tək Azərbaycan kimi ölkələrin deyil, böyük dövlətlərin də gündəmində olmalıdır: “Məsələn, Amerika Birləşmiş Ştatları, Britaniya, Almaniya, BMT tribunasından belə bu məsələ diqqətə çatdırılmalıdır. Fransa zülmü altında xalqların BMT tribunasında danışmaq imkanları olmalıdır. Həmin qurumlar doğrudan da ədalətlidirsə, insan haqlarına hörmət edirsə Kaledoniya insanlarına, həmçinin, Fransa zülmü altında məhv olan digər xalqlara yüksək tribunalardan danışmaq imkanı verilməlidir. O zaman bəlli olacaq ki, Fransa doğrudan da demokratiyanın məskənidir, yoxsa zülmün”.
Günel CƏLİLOVA