Qərb liderləri Zelenskinin sülh planına şübhə ilə yanaşdı - birbaşa Putinlə danışıqlara getməyə hazırlaşırlar...
Qərb ölkələri Ukrayna prezidenti Vladimir Zelenskinin təqdim etdiyi sülh planına şübhə ilə yanaşır və mövcud vəziyyəti həll etmək üçün alternativ yollar axtarır. "Bloomberg"in məlumatına görə, Zelenskinin planı Qərb liderləri tərəfindən “istəklər siyahısı” kimi görünür və bu plan problemi kökündən dəyişdirmir.
Bildirilir ki, Ukraynanın qərbli müttəfiqləri noyabrda Braziliyada keçiriləcək G20 Sammitindən əvvəl Rusiya prezidenti Putinə birbaşa çağırış etməyi nəzərdən keçirir. Hətta bəzi Qərb liderləri Putinə birbaşa ya Zelenskinin, ya da başqa bir vasitəçinin müraciət etməsini təklif edirlər.
Bundan əlavə, müttəfiqlər Ukraynaya uzunmüddətli dəstək verməyə hazır olduqlarını bildirsələr də, Zelenskidən Rusiya ilə sülhün nə demək olduğunu aydınlaşdırmasını tələb edirlər.
Fransanın “Le Monde” qəzeti isə yazır ki, Rusiya ilə Ukrayna arasında danışıqlar qaçılmazdır. Qəzetin mənbələrə istinadən verdiyi məlumata görə, cəbhədəki vəziyyət, ABŞ-da prezident seçkiləri və digər amillər Ukrayna prezidenti Zelenskini və bəzi Qərb ölkələrini məğlubiyyət haqqında düşünmədən münaqişəyə son qoymağın yollarını axtarmağa sövq edir və diplomatik dairələrdə bu məsələ getdikcə daha çox gündəmə gətirilir.
Rusiyaya qarşı ən sərt mövqe tutan Avropa ölkələrindən birinin xarici işlər naziri qəzetə deyib ki, danışıqlar gec-tez başlayacaq, çünki cəbhədə vəziyyət ağırdır və ukraynalılar yorğundur. Başqa yüksək səviyyəli diplomatik mənbə isə bildirib ki, hələlik konkret heç nə yoxdur, amma insanlar sabahı düşünməyə başlayırlar.
Qeyd edək ki, Ukrayna prezidenti Zelenski ABC telekanalına müsahibəsində sülhün düşündüyümüzdən daha yaxın olduğuna əmin olduğunu bildirib və bu məqsədə çatmaq üçün Ukraynanın güclü olması lazım olduğunu deyib. Zelenskinin sözlərinə görə, Ukrayna yalnız “güclü mövqe”də Rusiya prezidenti Putini münaqişəni dayandırmağa məcbur edə bilər.
Zelenskinin Baydenə təqdim etmək üçün hazırladığı “Qələbə planı” adlı təkliflərdə Qərbdən daha çox hərbi dəstək istənilir və bu dəstək xüsusilə müasir silah sistemlərini əhatə edir. Bundan əlavə, NATO-ya bənzər təhlükəsizlik zəmanətləri və beynəlxalq maliyyə yardımı tələb olunur.
TAHİR