İsrailin Qəzzada bufer zona planı daşa dirəndi - ABŞ qəbul etmədi...
Qəzza zolağında quru əməliyyatı başa çatdıqdan sonra İsrail Müdafiə Qüvvələri oraya qoşun yerləşdirməyi planlaşdırmır və sərhədə yaxın bufer zona yaradılacaq. Bu barədə “Times of Israel” qəzeti adı açıqlanmayan İsrail rəsmisinə istinadla məlumat yayıb.
Rəsminin sözlərinə görə, müharibədən sonra Qəzza-İsrail sərhədində bufer zona yaradılacaq, lakin İsrail qoşunları Fələstin ərazisində qalmayacaq. Rəsmi, HƏMAS-ın 7 oktyabrda olduğu kimi İsraili bir daha təəccübləndirməməsi üçün sərhədin Qəzza tərəfində bufer zona planının gündəmə gətirildiyini bildirərək, alınacaq tədbirlərin siyasi deyil, təhlükəsizliklə bağlı olduğunu iddia edib.
“Hərbi rəhbərlik Qəzza zolağı ilə sərhəddə müəyyən təhlükəsizlik bufer zonasının yaradılmasını müzakirə edir ki, HƏMAS hərbi qüvvələri onun yaxınlığında cəmləşə bilməsin. Bu, siyasi addım deyil, təhlükəsizlik tədbiridir. Biz Qəzza zolağından sərhədə bitişik ərazidə qalmağı planlaşdırmırıq”, - deyə o, bildirib.
Nəşrin məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu səfəri zamanı bu planlarını ABŞ Dövlət katibi Antoni Blinkenlə bölüşüb.
Lakin Vaşinqton bu plana qarşı çıxır və Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Qəzza zolağının daralmasının mümkün olmadığını bildirib. "Qəzzanın coğrafi sərhədlərinin azaldılmasının tərəfdarı deyilik. Qəzza Fələstin ərazisi olaraq qalmalıdır və azaldıla bilməz” - deyə Kirbi bildirib.
TAHİR