Tanınmış yazarların Şuşa şəhəri və Laçın rayonuna infoturu təşkil edilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində Şuşa şəhəri və Laçın rayonuna növbəti infotur təşkil edib.
İnfotur iştirakçılarına I Dövlət Proqramında təsbit olunmuş tədbirlərin icrası və Prezident İlham Əliyevin verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı görülən işlər barədə məlumat verilib. Ziyarətçilərə bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşada aparılan genişmiqyaslı bərpa-quruculuq işləri işğalçıların şəhərdə törətdikləri vandalizmin nəticələrinin aradan qaldırılmasını təmin edəcək, uzun illər məcburi köçkünlük yaşamış yerli sakinlərinin tezliklə doğma yurda qayıdışına imkan yaradacaqdır. Dövlət Proqramında təsbit olunmuş və şəhərin dirçəldilməsi üçün həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır: yeni yaşayış sahələrinin inşası ilə yanaşı şəhər infrasturukturunun yenidən qurulması da sürətlə aparılır. Şəhərdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olan infotur iştirakçıları Şuşa qalasını, Molla Pənah Vaqifin məqbərəsini, Yuxarı Gövhər Ağa Məscidini, İsa bulağını, Cıdır düzünü də ziyarət ediblər.
İnfotur iştirakçılarının növbəti səfəri Laçın rayonuna olub. Bildirilib ki, Laçın şəhərində və eləcə də Laçın rayonunun Zabux kəndində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən sonra keçmiş məcburi köçkünlər doğma yurdalarına qayıdırlar. Laçın şəhərində geri qayıdan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olan infotur iştirakçıları buradakı yaradılan yeni iş yerləri və digər infrastruktur obyektlərinə baş çəkib, sakinlərlə söhbətləşiblər.
Ziyarətçilər Laçın rayonunda bu ilin avqust ayında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə açılışı keçirilən “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunda da olublar. Pavilyonda nadir dekorasiyalar - təyyarə, helikopter, həbsxana, elmi laboratoriya və üçtərəfli yaşıl ekran quraşdırılıb. Bu da infotur iştirakçılarının daha çox diqqətini cəlb edib.
İnfotur iştirakçıları daha sonra Laçın rayonunda yaradılmış iş yerləri ilə - heyvandarlıq təsərrüfatı, eləcə də yeni yaradılmış Həkəri Balıq Təsərrüfatı ilə yaxından tanış olublar. Ziyarətçilərə bildirilib ki, iş yerlərində çalışlanların mütləq əksəriyyəti Laçın rayon sakinləridir.
Daha sonra infotur iştirakçıları Laçın şəhərinə, doğma yurda qayıtmış sakinlərin qonağı olublar. Sakinlər kənddə yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər. Bundan başqa infotur iştirakçıları Zabux kəndinə də səfər edib, orada çəkilişlər aparıblar. Onları maraqlandıran suallar cavablandırılıb. İnfoturda tanınmış yazarlar, şairlər, ədiblər, araşdırmaçı jurnalistlər iştirak ediblər. Səfər iştirakçıları infoturun məhsuldar və faydalı olduğunu qeyd ediblər. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcək.
https://www.youtube.com/watch?v=xyxfUTkWNSI