60-dan çox dərmanın ucuz satılmasına icazə verildi...
Bəllidir ki, Tarif Şurasının qərarı ilə bir sıra sahələrdə qiymətlər tənzimlənib. Qiymət dəyişikliyi dərman vasitələrində də qeydə alınıb. Yeni dövlət qeydiyyatına alınan 115 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə 62 dərman vasitəsinin qiymətinin yuxarı həddində dəyişikliklər aparılıb.
Yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər. Məsələn, əvvəl hər hansı bir dərman vasitəsinin qiyməti 10 manat olaraq təsdiqlənərdisə, bu, vahid qiymət hesab olunurdu və bütün apteklərdə 10 manata satılmalı idi. 15 sentyabr tarixindən isə həmin dərman vasitəsinin maksimum qiyməti 10 manat ola bilər və beləliklə o, 10 manatdan aşağı qiymətə satıla bilər.
Adil Qeybulla: “Qiymət tənzimlənərkən vətəndaşın sosial vəziyyəti nəzərə alınırsa bu alqışlanmalıdır”
Dərmanlarda qeydə alınan qiymət dəyişikliyinin əhəmiyyəti haqqında danışan professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan dərmanla bağlı idxaldan asılı ölkədir. Dərman satışı ilə məşğul olan şirkətlər həmin preparatı müəyyən yerlərdən alır, daşınma xərcləri də satış qiymətinə təsir edir: “Bu səbəbdən də sahibkar məhsulu satarkən öz gəlirini nəzərə alır. Qiymətlər elə tənzimlənməlidir ki, sahibkar bu işdə maraqlı olsun. Ümumiyyətlə, dərman maddələrinin qiymətinin tənzimlənməsinin yeganə yolu rəqabətdir. Yaxşı olar ki, çoxlu sayda ölkələrdən dərman idxal edilsin. Belə olarsa bazarda rəqabət yaranar. İstənilən halda qiymət tənzimlənərkən vətəndaşın sosial vəziyyəti nəzərə alınırsa, bu alqışlanmalıdır”.
Kamran Məmmədli: “Bu qərar dərman vasitələrinin ucuzlaşmasına da imkan verəcək”
İqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu qərar bazara müsbət təsir edəcək: “Liberal rəqabət olan yerdə qiymət tələb-təklif əsasında formalaşır ki, burada da təklifin artması gözlənilir. Beləliklə, xaricdən müxtəlif çeşiddə daha keyfiyyətli dərmanların gətirilməsi üçün şərait yaranacaq. Əlbəttə ki, bu qərar dərman vasitələrinin ucuzlaşmasına da imkan verəcək. İnsanlarımızın daha keyfiyyətli və ucuz preparatlara çıxış imkanı artacaq. Bu qərar əhalinin sağlamlığının qorunması istiqamətində atılan ən mühüm addımlardan biridir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, dövlət qeydiyyatına alınan dərmanların yuxarı həddində dəyişikliklər aparılıb. Bu dəyişiklik sayəsində dərmanlar təsdiq olunmuş qiymətlərdən yuxarı qiymətə satıla bilməz. Ancaq aşağı qiymətə satıla bilər: “Bu qərarı aptek sahibi və sahibkar verə bilər. Ancaq inanmıram ki, dəyəri 10 manat müəyyən edilən preparat aşağı qiymətə satılsın. Baha satılmaqdansa vahid qiymətinin olması məqsədəuyğundur. Istənilən halda, dərmanlarda qeydə alınan qiymət dəyişikliyi təqdir olunmalıdır”.
Günel CƏLİLOVA