Orduda 5-ci kolonun kökü kəsildi - baş nazirin sevinci...
Ramil Məmmədli: “Paşinyan bununla artıq ordunun Rusiyanın təsir dairəsində olmadığına eyham vurur”
“Problem yalnız 5-ci kolonun kökünü kəsmək deyil, həmin alaq otunun böyüməsi üçün münbit torpağın olmamasındadır”. Bunu Ermənistan baş naziri Nikol Paşinyan canlı yayımda vətəndaşların video-suallarını cavablandırarkən deyib.
Nikolun sözlərinə görə, ordu 5-ci kolondan təmizlənib: “Bəli, əslində mən inanıram ki, biz bu gün orduda beşinci kolondan qurtulmuşuq”.
Daha sonra Nikol bunları qeyd edib: “5-ci kolonun ən mühüm psixoloji nüansı odur ki, 5-ci kolon təfəkkürü dövlətçiliyi kifayət qədər ciddi qəbul etmir, dövlətçiliyin varlığı düzgün dərk edilmir. Bunun üçün izahatlar var. Məsələn, onların arasında elə adamlar var ki, deyir ki, bizim müstəqil dövlətimiz ola bilməz, bunun üçün vassal olmaq, xidmət etmək, açıq-aşkar tabeçilik məntiqində olmaq lazımdır, həll yolu budur. Biz isə belə düşünmürük, biz hesab edirik ki, suveren dövlətimiz ola bilər və olmalıdır”.
Maraqlıdır, Paşinyan “biz bu gün orduda beşinci kolondan qurtulmuşuq” deyərkən nə demək istəyir?
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli baki-xeber.com-a açıqlamasında bildirdi ki, Paşinyan bununla artıq ordunun Rusiyanın təsir dairəsində olmadığına eyham vurur: “Aydın məsələdir ki, burada söhbət Rusiyadan gedir. Demək istəyir ki, əvvəlki illərdə olduğu kimi ordu Moskvanın təsiri altında deyil. Rusiyanın Ermənistan ordusunda təsir imkanları, şəbəkəsi kifayət qədər güclü olub. Bunun da bir sıra səbəbləri var. Məsələ ondadır ki, Köçəryan-Sarkisyan cütlüyü Rusiyanın marionetkası olduğu üçün Ermənistan ordusunda Rusiyanın şəbəkəsi çox güclü formada kök salıb. Ölkədəki bütün generalitet Rusiyanın istəklərinə uyğun formalaşdırılıb. Üstəlik, Ermənistanda Rusiyanın mövcud olan hərbi bazası, sərhədlərin rus hərbçiləri tərəfindən qorunması bu amili daha da gücləndirib. 2018-ci ildə Paşinyan hakimiyyətə gələndən sonra əsasən dövlət idarəçiliyində və polisdə təmizləmə işləri apardı. Komandası əsasən cavan olanlar və ən başlıcası Sorosun vəsaiti hesabına Qərbdə təhsil alanlardır. Paşinyan həmçinin Milli Təhlükəsizlik Xidmətində öz adamlarını yerləşdirdi. Bütün bunların nəticəsidir ki, güc strukturları onun mühafizəsinə xüsusi önəm verir. Küçə ixtişaşlarının qarşısı çevik şəkildə alınır. Orduya gəldikdə isə birmənalı fikir söyləmək çətindir. Ona görə ki, Rusiyanın təsiri qalmaqdadır. 2021-ci ilin 25 fevralında bir qrup general Paşinyanı devirməyə çalışdı. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayaraq Paşinyanı istefaya çağırdı. O zaman sənədi Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan və 40-dan çox yüksək rütbəli hərbçi imzaladı. Onlar arasında 19 general və ordu korpuslarının komandanları da var idi. Ancaq onların bu cəhdi uğursuz oldu. Ondan sonra orduda böyük təmizləmələr aparıldı. Artıq hiss olunur ki, Paşinyan əvvəlki illərdəki kimi ordudan ehtiyat etmir”.
Vidadi ORDAHALLI