Mirzoyan İrəvanın Bakı ilə sülh sazişinin mətnini tamamlayaraq imzalamağa hazır olduğunu deyir...
İrəvan Bakı ilə sülh sazişinin mətnini qarşıdakı aylarda tamamlayaraq imzalamağa hazırdır. Trend xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarı Marqus Tsaxkna ilə birgə mətbuat konfransında deyib.
O, Ermənistanın sülh gündəliyinə sadiq və Azərbaycanla münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib.
Mirzoyanın sözlərinə görə, İrəvan 1991-ci ildə imzalanan Alma-Ata bəyannaməsi əsasında demarkasiya prosesini davam etdirməyə hazırdır.
"Həqiqətən inanıram ki, Cənubi Qafqazda münaqişə səhifəsini bağlamaq və regionumuzda sülhü bərqərar etmək imkanı var. İnanıram ki, bu sülh bütün xalqlara və region ölkələrinə fayda gətirəcək", - Mirzoyan deyib.
Qeyd edək ki, iyunun 26-da Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb.
İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə yenidən işlənmiş 9-cu redaksiyasını göndərməklə cavab verib.
Aprelin 8-də isə İrəvan sülh müqaviləsi ilə bağlı Bakının təkliflərinin 8-ci redaksiyasına cavab göndərib.
Xatırladaq ki, Ermənistan bundan əvvəl 2024-cü il yanvarın 4-də sülh müqaviləsinin mətninin öz versiyasını Azərbaycana göndərib. Fevralda Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı əlavə təkliflər alıb. Sülh müqaviləsinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır.