"Dənizə çıxışı olmayan Aİ-yə üzv ölkələrə qaz nəqli üçün infrastruktur inkişaf etdirilməlidir" - Petr Binhak
Sahildən dənizə çıxışı olmayan Aİ-yə üzv ölkələrə qaz nəql edəcək infrastruktur inkişaf etdirilməlidir. Trend xəbər verir ki, bu barədə bu gün Çexiyanın Sənaye və Ticarət Nazirliyinin Enerji Strategiyası və Beynəlxalq Əməkdaşlıq üzrə direktoru Petr Binhak 29-cu Bakı Enerji Forumu çərçivəsində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" panel müzakirəsində deyib.
"Çexiya Respublikası artıq bir müddətdir ki, alternativ marşrutlar üzrə fəal danışıqlar aparır. Almaniyalı həmkarlarımızla əlaqə saxlayırıq və MTQ infrastrukturunun yaradılmasına yönəlmiş investisiya və səylərə görə çox minnətdarıq. Bu, yeni mövzu deyil, artıq 10 il əvvəl Avropa səviyyəsində müzakirə olunub. İndi Baltik və Şimal dənizi sahillərində MTQ terminallarımız yaradılıb ki, bu da çox müsbət addımdır. Sahildən qazı Çexiya kimi daxili üzv dövlətlərə nəql edəcək infrastrukturu inkişaf etdirməliyik. Bu, Avropada qaz axınlarının növbəti yenidən - şərqdən qərbə, şimaldan cənuba deyil, qərbdən şərqə - istiqamətləndirilməsidir. Bu, mühüm dəyişiklikdir və aradan qaldırılmalı olan çatışmazlıqların olduğunu görürük", - o deyib.
Petr Binhak bildirib ki, Avropa Komissiyası həmçinin "Repower EU" təşəbbüsü çərçivəsində təkcə enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinin, o cümlədən biometan və "yaşıl" hidrogenin istifadəsinin artırılmasına deyil, həm də Aİ ölkələrinin əməkdaşlığı ilə enerji təchizatının etibarlılığının artırılmasına yönəlmiş təklifləri nəzərdən keçirir ki, bu da regionun gələcəyi üçün son dərəcə vacibdir.