"Azərbaycanın Xəzər regionunda aparıcı enerji qovşağına çevrilmək üçün unikal şansı var" - "Atlantic Council"
Azərbaycanın Xəzər regionunda aparıcı enerji qovşağına çevrilmək üçün unikal şansı var. Trend xəbər verir ki, bu barədə bu gün Atlantik Şurasının (Atlantic Council) Qlobal enerji mərkəzinin baş direktoru Landon Derentz 29-cu Bakı Enerji Forumu çərçivəsində "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı" panel müzakirəsində deyib.
"Bu potensialdan səmərəli istifadə Xəzər hövzəsinin digər dövlətləri ilə fəal əməkdaşlıq tələb edir ki, bu da Orta Dəhliz vasitəsilə ticarəti genişləndirəcək. Öz enerji mənbələrini şaxələndirməyə çalışan Avropa ölkələri ilə ticarət əlaqələrin möhkəmləndirilməsi bir o qədər mühüm məqsəddir", - o deyib.
Onun sözlərinə görə, bu, Azərbaycanın etibarlı enerji təchizatçısı kimi möhkəmlənməsinə kömək edəcək.
"Eyni zamanda, ölkə qlobal enerji bazarında öz nüfuzunu qoruyub saxlamaq üçün aktiv şəkildə təmiz enerji mənbələrini araşdırmalı və inkişaf etdirməlidir. Fikrimcə, Azərbaycan yeni çağırışlara uyğunlaşmağa və qlobal enerji sahəsində öz mövqeyini möhkəmləndirmək üçün imkanlardan istifadə etməyə hazırdır", - deyə L.Derentz əlavə edib.