Bütün razılaşmalar var, qalır bunları sazişə daxil etmək - Paşinyan nə demək istədi...
Samir Hümbətov: “Bu barədə Prezident İlham Əliyev də ümidverici danışıb”
Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə sülh müqaviləsinin əsas prinsiplərinin razılaşdırıldığını bəyan edib. Paşinyan Azərbaycan tərəyinin 2024-cü ilin noyabrında, Bakıda iqlim üzrə COP-29 tədbiri keçirildiyi zaman sülh müqaviləsinin imzalana biləcəyi barədə bəyanatına şərh verərkən bu açıqlamanı verib.
Ermənistanın Baş naziri bildirib ki, tərəflər mətn üzərində işi tam yekunlaşdırmağa nail olandan sonra sazişin imzalanacağı zamanı və məkanı dəqiqləşdirmək olar: "Əsas prinsiplər razılaşdırılıb, onları sülh müqaviləsinin mətnində ifadə eləmək qalıb. Zənnimcə, bu işləri mümkün qədər tez yekunlaşdırmaq şansımız var".
Paşinyan deyir ki, sülh sazişi ilə bağlı əsas prinsiplər razılaşdırılıb, onları mətndə ifadə etmək qalıb. Bu qənaətə gəlmək olarmı ki, sülh müqaviləsi tam hazırdır?
Siyasi şərhçi Samir Hümbətov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sülh müqaviləsinin tez bir zamanda imzalanması tam mümkündür: “Məsələnin ən önəmli tərəfi bundan ibarətdir ki, bu barədə Prezident İlham Əliyev də ümidverici danışıb. Ölkə başçısı 11-ci Qlobal Bakı Forumunda bildirdi ki, biz Ermənistanla tarixdə heç vaxt olmadığı qədər sülhə yaxınıq. Bu o deməkdir ki, Azərbaycan və Ermənistan arasında yaxın zaman ərzində sülh müqaviləsi imzalana bilər. Paşinyanın belə məzmunda açıqlama verməsi o deməkdir ki, tərəflər artıq bütün məsələlər üzrə razılaşmanı əldə ediblər. Tərəflər əvvəllər Praqa və Brüsseldə ümumi prinsiplər barədə razılığa gəliblər, lakin indi bu prinsipləri kağız üzərində təkrarlamaq lazımdır. Yerdə qalanlar çox kiçik detallardır. Buna texniki məsələlər də demək olar. Xırda detallarla bağlı vaxt uzansa da, sonda müqavilənin imzalanmasına nail olunacaq”.
Paşinyan bundan əvvəl qeyd edib ki, Ermənistan məlum prinsiplər çərçivəsində noyabr ayına qədər Azərbaycanla sülh sazişini imzalamağa hazırdır. Ermənistan hakimiyyətinə daxili qüvvələr və xarici güclər sülh müqaviləsini imzalamamaq üçün təsir edir. Paşinyan bunlara qarşı duruş gətirsə, Azərbaycanın təklif etdiyi ikitərəfli format əsasında tezliklə sülh müqaviləsi imzalana bilər.
Qeyd edək ki, Prezident Əliyev də bu mövzuda ümidverici açıqlamalar verib.
Prinsip etibarilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında ciddi problem yoxdur. Əsas məsələlərdən biri odur ki, Qarabağ münaqişəsi artıq həllini tapıb. Delimitasiya və demarkasiya komissiyalarında görüş uğurla davam edir. Xarici işlər nazirləri, parlamentlər, prezidentlər səviyyəsində görüşlər keçirilir və bu görüşlərin ana xətti sülh sazişidir. Bəzi şərhçilər hesab edir ki, sülh sazişini hazırki etapda çərçivə sazişi kimi imzalamaq mümkündür. Paşinyanın qeyd etdiyi də bundan ibarətdir. İlkin sülh müqaviləsi və ya çərçivə sazişi kimi müqavilə imzalamaq olar. Bu, növbəti etapda yekun sülh müqaviləsinə keçidi təmin edə bilər. Əslində Paşinyan əvvəl də qeyd etmişdi ki, noyabr ayına qədər sülh müqaviləsi imzalana bilər. Prezident İlham Əliyev ondan öncə qeyd etmişdi ki, Cop29-a qədər sülh sazişinin imzalanması mümkündür. Hər iki liderin vurğuladığı tarix bənzərdir. Yəni COP29-a və ya noyabra qədər sülh sazişi imzalanması mümkün görünür.
Məhəmmədəli QƏRİBLİ