Xankəndidən köçmüş ermənilərə Ermənistanda kütləvi vətəndaşlıq verilir...
Sədrəddin Soltan: “Azərbaycan vətəndaşlığından çıxarılmayan insanların Ermənistan tərəfindən vətəndaşlığının qeydiyyata alınması qanun pozuntusudur”
Qarabağdan İrəvana könüllü gedən ermənilərə Ermənistan vətəndaşlığı verilməyə başlayıb. Ermənistan daxili işlər nazirinin müavini Arpine Sarkisyan daimi komissiyaların birgə iclasında bildirib ki, artıq 2075 nəfər Ermənistan Respublikası vətəndaşlığı üçün müraciət edib, onlardan 1437 nəfər vətəndaşlığa qəbul edilib.
O vurğulayıb ki, Qarabağdan “məcburi köçkün” düşmüş 96 696 (?) (saxta rəqəmdir-İ.S) nəfər müvəqqəti mühafizə şəhadətnaməsi alıb, 83 942 nəfər qeydiyyata salınıb.
Ermənistanın Xankəndidən, Qarabağdan köçmüş ermənilərə kütləvi olaraq vətəndaşlıq verməsini ekspertlər bir neçə səbəblə izah edir. Bir çoxlarına görə, onlara vətəndaşlıq o səbəbdən verilir ki, Qərbi azərbaycanlıların qayıdışının qarşısı alınsın. Başqa bir fikrə görə isə, ermənilərin geri qayıtmaq istəməməsi səbəbindən onlara vətəndaşlıq verirlər.
“Bir çoxunun Ermənistan vətəndaşlığı çoxdan var”
Qarabağdan gedən ermənilərə vətəndaşlıq verilməsinin səbəblərini şərh edən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan “Bakı-Xəbər”ə “Azərbaycanın erməni sakinlərinin bir çoxunun Ermənistan vətəndaşlığı çoxdan var. Çünki onların ali təhsil alması, xaricə səfər etməsi və beynəlxalq banklarla əlaqələri və sair kimi məsələlərin hamısı Ermənistan pasportu ilə həyata keçirilib. Hətta hazırda Bakı həbsxanasındakı separatçı liderlər belə Rusiya, ABŞ, Avropa ölkələrinə Ermənistan pasportu ilə səfərlər ediblər. Bu, məsələnin bir tərəfi, ikinci bir tərəfdən, Ermənistan Azərbaycandan 100 min erməninin köçdüyünü iddia edir və bunu sübut etməyə səy göstərir. Onların məlumatlarına görə, guya 96 min 696 nəfər Azərbaycan sakini olan erməni Ermənistanda qeydiyyata alınıb. Rəqəmləri şişirtmək Ermənistanın ənənəvi fəaliyyətidir”-deyə bildirdi.
S.Soltanın sözlərinə görə, Azərbaycan vətəndaşlarından imtina etməyib və hələ onları vətəndaşlıqdan çıxarmayıb, digər yöndən, Azərbaycan tərəfi 1988-ci ildən bəri Ermənistandan qovulmuş, zorla Ermənistan vətəndaşlığından məhrum edilmiş 300 min nəfərdən çox Qərbi azərbaycanlının hüququnun bərpasını tələb edir. “Yəni Azərbaycan Qərbi azərbaycanlıların Ermənistan vətəndaşlığı hüququnun bərpa edilməsini, onların mülkiyyət hüququnun tanınmasını, soydaşlarımızın Ermənistan vətəndaşları ilə bərabərhüquqlu vəziyyətdə olmasını, təhlükəsizliklərinin təmin olunmasını istəyir. Fikrimcə, bu, sülh və normallaşma prosesinə təsir edəcək. Ermənistan zorla ev-eşiyindən qovulmuş, bütün hüquqları pozulmuş 300 mindən çox Qərbi azərbaycan türkünün qayıdış hüquqlarının pozulmasını ört-basdır etmək üçün Qarabağdan könüllü olaraq köç etmiş erməni sakinlərin vəziyyətini eyniləşdirməyə cəhd göstərir. Amma Azərbaycan hələ erməni sakinləri vətəndaşlıqdan çıxarmayıb, Azərbaycan vətəndaşlığından çıxarılmayan insanların Ermənistan tərəfindən vətəndaşlığının qeydiyyata alınması isə qanun pozuntusudur”-deyə S.Soltan bildirdi.
İradə SARIYEVA