"Dövlət katibi Ermənistanla Azərbaycan arasında sülh səylərinə xüsusi diqqət yetirir" - Coşua Hak
Otuz iki il ərzində ABŞ-la Azərbaycan arasında tərəfdaşlıq əlaqələri qurulub və bu tərəfdaşlıq dostluğa, ortaq maraqlara və qarşılıqlı hörmətə əsaslanır.
Bu sözləri ABŞ Dövlət katibinin köməkçisinin müavini Coşua Hak Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda 28 May - Müstəqillik Gününə və 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş qəbulda çıxışı zamanı deyib.
O bildirib ki, bu illər ərzində Azərbaycanla ABŞ terrorla, zorakı ekstremizmlə mübarizə sahəsində birlikdə hərəkət edib, Azərbaycan qazının və neftinin Qərb bazarına çıxarılması istiqamətində birlikdə çalışıb.
Dövlət Departamenti rəsmisinin sözlərinə görə, Dövlət katibi Antoni Blinken bu əlaqələri qurmaq və inkişaf etdirmək, həmçinin Ermənistanla Azərbaycan arasında ədalətli və davamlı sülhə nail olmaq səylərinə şəxsən xüsusi diqqət yetirir: “Bu günlərə bu istiqamətdə müsbət irəliləyişlər baş verir. Düşünürəm ki, tezliklə bu proses daha da irəliləyəcək. ABŞ bu istiqamətdə hər zaman dəstək göstərməyə hazırdır”.
O, Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyib.
NAMİQ