XİN sözçüsü Aİ nümayəndəsinin Azərbaycanla bağlı bəyanatını alt-üst etdi - məsləhətə ehtiyacımız yoxdur...
29 may 2024-cü il tarixində Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano tərəfindən səsləndirilən qərəzli və qəbuledilməz bəyanatı tamamilə rədd edirik.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə iddiaların əks olunduğu bəyanatına münasibət bildirərkən deyib.
"Aİ nümayəndəsinin bəyanatı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı reallıqdan uzaq olmaqla yanaşı, açıq-aşkar saxtakarlıqlarla doludur.
Müəyyən fəaliyyətlərin qeyri-qanuni maliyyələşdirilməsi, qanunsuz maliyyə əməliyyatları və s. kimi bir sıra cinayət araşdırmaları ilə əlaqədar saxlanılan şəxslərin məsələsi müvafiq cinayət icra rejimi qanunlarının tələbləri çərçivəsində həyata keçirilir.
Cinayət işlərinin və təhqiqatların, habelə məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə, təqsirləndirilən şəxslərin azad edilməsi üçün Azərbaycana çağırışların edilməsi hüquqi prosedurlarla açıq ziddiyyət təşkil edir.
Bununla yanaşı, saxlanılan şəxslərin tibbi və digər yardımdan məhrum edilməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur. Aİ tərəfinin istinad etdiyi bütün şəxslər qanunla müəyyən edilmiş qayda və çərçivədə lazımi yardımla təmin olunurlar.
Aİ-nin bir sıra Avropa ölkələri və siyasətçilərinin siyasi baxımdan verdikləri üstünlüklər əsasında müəyyən şəxsləri əfv etmək üçün əsassız ictimai tələbləri Avropanın qanunun aliliyinə həqiqətən sadiq olduğunu şübhə altına alır.
Azərbaycan bu sahədə kifayət qədər təcrübəyə, biliyə, müdrikliyə malikdir, beləliklə məcburedici məsləhət və göstərişlərə ehtiyac duymur.
Eyni zamanda, Azərbaycanın COP29-a sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, ölkəmizin öhdəliyi daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq istiqamətində ideyanın mahiyyətinə ziddir.
Azərbaycan beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməyə bundan sonra da davam edəcək və Aİ-nin müəyyən institutlarını İttifaq ərazisində insan hüquqlarının kobud şəkildə pozulmasına diqqət yetirməyə, Azərbaycana qarşı müdaxilə və təxribatlarını dayandırmağa çağırır", - deyə Ayxan Hacızadə bildirib.
TAHİR