Müstəqillik günündə bir dəfə Ağalıda, növbəti dəfə Laçında, bu il Xocalıda - yeni ənənə...
Məhərrəm Zülfüqarlı: “Əlamətdar günlərdə belə səfərlərin böyük siyasi və mənəvi əhəmiyyəti var”
Məlum olduğu kimi, neçə illərdir Prezident İlham Əliyev əlamətdar günləri məcburi köçkünlərlə işğaldan azad edilmiş əraziərdə qeyd edir. Ərazilərimiz işğaldan azad edilməzdən əvvəl Prezident Əliyev doğum günlərində məcburi köçkünlərlə görüşürdü.
Torpaqlarımız azad ediləndən sonra əlamətdar günləri ölkə başçısı Şuşada və digər azad olunmuş məntəqələrdə qeyd edir.
Məsələn, Prezident İlham Əliyev iki il əvvəl müstəqillik gününü Ağalıda, ötən il Laçında, bu il isə Xocalıda qeyd etdi. Görünən odur ki, ölkə başçısının müstəqillik gününü işğaldan azad edilmiş rayonlarda qeyd etməsi ənənə halını alıb. O baxımdan bunu ekspertlər necə dəyərləndirir?
“Bu, xalqın Prezidentə olan məhəbbətini, inamını artırır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AVCİYA-nın vitse-prezidenti, tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı hesab edir ki, Azərbaycan əraziləri işğal altında olanda biz bu günləri səbrsizliklə gözləyirdik: “Məsələn, bəziləri hava haqqında məlumat verilərkən Qarabağla bağlı məlumatlara sanki ümidsizliklə yanaşırdı. Hesab edirdilər ki, həmin ərazilər işğal altındadırsa, o zaman niyə bu barədə məlumat verilir. Qərb ölkələri, beynəlxalq təşkilatlar da bizi bu psixoloji böhrana salırdılar. Məqsəd də o idi ki, biz işğalla barışaq. 2016-cı ildə Aprel döyüşləri zamanı az da olsa müəyyən ərazilər işğaldan azad edildi. O zaman bu, insanlarda bir ümid çırağı yandırdı. Həmçinin, o zaman Prezident Əliyev mesaj verirdi ki, ərazilərimizin işğaldan azad edilməsi uzaqda deyil. Açıq deyirdi ki, bu, sülh yolu ilə olmasa, müharibə yolu ilə olacaq. Çox şükürlər olsun ki, bu proses başa çatıb. Prezidentimizin tez-tez işğaldan azad edilmiş ərazilərə getməsi, orada quruculuq işlərinə start verməsi, kəndlərin binövrəsinin atılmasında bilavasitə iştirak etməsi hamımızda ruh yüksəkliyi yaradır. Eyni zamanda bu, qələbənin rəmzi kimi qəbul olunmalıdır. Bir var qələbə çalasan, qələbə paradını keçirəsən, sonra isə bu məsələdən tamamilə başqa məsələyə keçəsən. Ancaq Prezidentimizin bu səfərləri bizi bir daha ayıq-sayıq edir ki, hələ görüləsi işlər çoxdur. Həm işğaldan azad edilən ərazilərin bərpası, həm də gələcəkdə müdafiə qüdrətimizin artırılması və SSRİ dönəmində qeyri-qanuni şəkildə Ermənistana verilən ərazilərin geri qaytarılması. Əlamətdar günlərdə belə səfərlərin böyük siyasi və mənəvi əhəmiyyəti var. Belə səfərlər mütəmadi olmalıdır. Bu, həm də ölkə başçısı ilə xalqın arasında olan birliyi möhkəmləndirir. Xalqın Prezidentə olan məhəbbətini, inamını artırır. Həm də Azərbaycan xalqının beynəlxalq aləmdə imicinə müsbət təsir edir. Hamı Prezidentin ətrafında birləşərək işğaldan azad edilən ərazilərin bərpası ilə məşğuldur”.
Vidadi ORDAHALLI