Bosniya Serb Respublikası ilə Azərbaycanın arasında “23 May olayı”... Nə baş verib...
Ramil Hüseynov: “Azərbaycan qətnaməyə səs verən ölkələr sırasında yer almayıb”
Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:”Zati-aliləri, hörmətli cənab Prezident. Sizin rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası sürətlə inkişaf edərək regional liderə və iqtisadi gücə çevrilib. Fəxrlə demək istəyirəm ki, Serb Respublikası ilə Azərbaycan Respublikası arasında anlaşma və qarşılıqlı hörmətə əsaslanan sıx dostluq münasibətləri mövcuddur. Böyük tektonik geosiyasi dəyişikliklər, həm siyasi, həm də iqtisadi arenada çağırışlar zamanı hər bir ölkənin daxili işlərinə, eləcə də xarici siyasətinə anlayış və hörmət son dərəcə vacibdir. 2024-cü il mayın 23-də BMT Baş Assambleyasının sessiyasında keçirilən səsvermə zamanı ölkənizin qlobal səhnədə müstəqilliyini sübut etməsi Sizin suveren siyasətinizin, liberal terrora və təkqütblü dünyanın yenidən qurulmasına qarşı birgə mübarizə aparmağın zəruriliyini dərindən dərk etdiyinizin sübutudur. Serblər Azərbaycan hökumətinin bu tarixi qərarını heç vaxt unutmayacaq və bu məsələdə şərəfli mövqeyinizə görə dərin minnətdarlığımızı bildiririk”.
Maraqlıdır, Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Prezident Əliyevə 23 mayda hansı qərara görə təşəkkür etdi? Söhbət nədən gedir?
“Məhz buna görə Bosniya və Herseqovinanın Serb Respublikasının başçısı ölkəmizə təşəkkür edib”
Sözügedən məsələyə aydınlıq gətirən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin sədri Ramil Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Məsələ ondadır ki, mayın 23-də BMT Baş Assambleyası 11 iyulun Srebrenitsa Soyqırımını Anma Günü elan olunması ilə bağlı qətnamə layihəsini qəbul edib. BMT Baş Assambleyası Qərb ölkələrinin Srebrenitsada soyqırımı ilə bağlı təqdim etdiyi qətnamə layihəsinin lehinə səs verib. Belə ki, 84 ölkə “1995-ci ildə Srebrenitsa soyqırımını Beynəlxalq Anma Günü” adlı sənədin lehinə, Rusiya və Çin də daxil olmaqla, 19 ölkə əleyhinə səs verib, 68 ölkə isə səsvermədə bitərəf qalıb. Qətnamə layihəsi Bosniya və Herseqovina, Ruanda, Almaniya nümayəndələri tərəfindən irəli sürülüb, əsasən Qərb ölkələri tərəfindən birgə dəstəklənib. Azərbaycan qətnaməyə səs verən ölkələr sırasında yer almayıb. Məhz buna görə Bosniya və Herseqovinanın Serb Respublikasının başçısı ölkəmizə təşəkkür edib. Azərbaycanın sözügedən məsələdə bitərəf mövqedən çıxış etməsi, qətnamənin lehinə səs verən 84 ölkəyə qoşulmaması serb tərəfini məmnun edib. Ümumiyyətlə, serblər hesab edirlər ki, Azərbaycan Cənubi Qafqaz dövləti olaraq müstəqil siyasət yeridir”.
Vidadi ORDAHALLI