"Serblər Azərbaycan hökumətinin bu tarixi qərarını heç vaxt unutmayacaq" - Milorad Dodik
Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Zati-aliləri, hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Serb Respublikasının xalqı və qurumları adından, şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Sizin rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası sürətlə inkişaf edərək regional liderə və iqtisadi gücə çevrilib. Fəxrlə demək istəyirəm ki, Serb Respublikası ilə Azərbaycan Respublikası arasında anlaşma və qarşılıqlı hörmətə əsaslanan sıx dostluq münasibətləri mövcuddur. Böyük tektonik geosiyasi dəyişikliklər, həm siyasi, həm də iqtisadi arenada çağırışlar zamanı hər bir ölkənin daxili işlərinə, eləcə də xarici siyasətinə anlayış və hörmət son dərəcə vacibdir.
2024-cü il mayın 23-də BMT Baş Assambleyasının sessiyasında keçirilən səsvermə zamanı ölkənizin qlobal səhnədə müstəqilliyini sübut etməsi Sizin suveren siyasətinizin, liberal terrora və təkqütblü dünyanın yenidən qurulmasına qarşı birgə mübarizə aparmağın zəruriliyini dərindən dərk etdiyinizin sübutudur. Serblər Azərbaycan hökumətinin bu tarixi qərarını heç vaxt unutmayacaq və bu məsələdə şərəfli mövqeyinizə görə dərin minnətdarlığımızı bildiririk.
Məmnuniyyətlə vurğulayıram ki, bir çox sahələrdə və seqmentlərdə ikitərəfli əməkdaşlığımız inkişaf edəcək və yüksələn xətlə davam edəcək. Mən səmimiyyətlə inanıram ki, əlaqələrimiz gələcək illərdə də hər iki xalqa xeyirli və faydalı olacaq şəkildə inkişaf edəcəkdir. Mənim qəti niyyətim dostluğumuzu və dəstəyimizi hörmət əsasında qoruyub saxlamaq və daha da inkişaf etdirməkdir.
Hörmətli Prezident, Zati-aliləri, icazə verin, Sizə cansağlığı, dost Azərbaycan Respublikasının firavanlığı və inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayım".