Paşinyan qaytardığı 4 kəndin üstündə yeni "milli ideya" quruculuğuna başlayır...
Abutalıb Səmədov: “Bu müraciət bir də ona ümid yaradır ki, Paşinyanın növbəti addımı sülh sazişi imzalamaq istiqamətində olacaq”
Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərə müraciətində deyib ki, onun hakimiyyəti ölkənin 29 740 kv.km ərazisinin legitimləşdirilməsi formulunu təklif edir və bu düstur ölkəni suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə aparır:
“Bugündən etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd xidməti Tavuş bölgəsində sərhəd təhlükəsizliyini öz üzərinə götürüb. İndi hakimiyyət vətən və dövlətçilik anlayışlarını eyniləşdirməyə çalışır. Bu gün ölkəmiz həm də ona görə natamamdır ki, vəd edilmiş torpağın axtarışı bizə hansı ərazidə, hansı mövqedə, hansı ölçüdə ev-dövlət qurmaq istəyirik sualına cavab formalaşdırmağa imkan vermir. Delimitasiya prosesi bu suala sütun-sütun cavabdır”.
Baş nazir qeyd edib ki, rəhbərlik etdiyi hökumət “Real Ermənistan” strategiyasını hazırlayıb və bu yolla gedir:
“Çətin qərarlardan keçən, lakin əsl vəd edilmiş torpağa, əsl Ermənistana aparan yeganə yol olan bu yolu birlikdə keçməliyik. Bu məsələlərlə bağlı strateji düşüncə məni sülh gündəminə və bir-biri ilə bağlı olan real Ermənistana baxışa gətirib çıxardı”.
Paşinyanın delimitasiya prosesi fonunda “milli ideya" quruculuğuna başladığı ilə bağlı etdiyi müraciətdən hansı qənaət hasil olur?
Müstəqil siyasətçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu ilin aprel ayından Azərbaycanla Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası başlayıb: “Uzun müzakirələrdən sonra nəhayət real addımlar atmaq mümkün olub. Hələlik delimitasiya prosesi 1969 - cu, 1976 - cı illərin xəritələri hesabına aparılır. Ancaq digər sərhədlərin başqa hissələrində fərqli xəritələrin də əsas götürülməsi mümkündür. Çünki Azərbaycan Prezidentinin də söylədiyi kimi, bəzi dağlıq ərazilərdə ümumiyyətlə inzibati sərhədlər olmadığına görə, Almaatı bəyannaməsinə və son xəritələrə istinad etmək mümkünsüz olacaq. Delimitasiya və demarkasiya prosesi Ermənistanda müəyyən qüvvələrin etirazları ilə qarşılanıb. Kilsənin rəhbərliyi altında Paşinyanı devirmək hərəkatı başlayıb və çox güman ki, bu hərəkatın arxasında Rusiya dayanır. Hadisələrin gedişatı göstərir ki, Konstanyan hərəkatı heç bir ciddi nəticəyə gətirib çıxarmayacaq. Paşinyan da bu etiraz hərəkatını yatırmağın məqamının çatdığını düşünür. Onun erməni xalqına müraciətinin kökündə də ilk növbədə bu dayanır. Məqsəd ictimai rəydə Konstanyan hərəkatını nüfuzdan salmaq, müəyyən həqiqətləri xalqa çatdırmaqdır. Öz müraciətində Paşinyan uzun illər ermənilərə faciələr yaşadan düşüncələrdən danışır. “Biz reallardan uzaq xəyallardan özümüzü xilas etməliyik. Bu Ermənistana və ermənilərə xoşbəxlik gətirməyəcək. Bizim strategiyamız real Ermənistanı qorumaq, onun süverenliyini, ərazi bütövlüyünü təmin etmək olmalıdır “,- deyir. Bunun üçün də delimitasiya və demarkasiya prosesi mümkün qədər qısa müddətdə başa çatdırılmalıdır. Paşinyan bildirir ki, biz öz real ərazilərimizi qorumağa çalışmalıyıq. Əks halda Ermənistanın təhlükəsizliyi və inkişafı üçün ciddi problemlər yaranacaq. Nəhayət, Paşinyan ermənilərə çatdırmaq istəyir ki, bu siyasət Ermənistanı uzun illər inkişafdan dayandırdı. Məlumdur ki, Azərbaycan mühüm layihələrdə Ermənistanın iştirakına imkan vermədi. Çünki Azərbaycan torpaqlarını işğal etmişdi və dəfələrlə tələb olunurdu ki, o əraziləri azad etsin. Əks halda Ermənistan daim mühüm layihələrdən kənarda saxlanılacaq. Bu reallıqları nəhayət Ermənistan rəhbərliyi də başa düşdü. Düzdür, Paşinyan müraciətində də reallıqları özünün də vaxtında başa düşmadiyini, səhvlər etdiyini etiraf edir. Xəyali düşüncələrin Ermənistanı uçuruma apardığını bildirib. Paşinyanın dediklərinə görə, bəzi xarici dövlətlər bu cür düşüncələri müdafiə etsələr də, ermənilərə dəstək versələr də, son nəticədə Ermənistan bundan heç nə qazanmayıb və qazanmayacaq. Reallıqları qəbul etməyi, qonşularla normal münasibət qurmağı, real Ermənistanın real sərhədlərini müəyyənləşdirməyi tələb edir. Bu müraciət bir də ona ümid yaradır ki, Paşinyanın növbəti addımı sülh sazişi imzalamaq istiqamətində olacaq. Çünki hələ də Ermənistanın tutduğu mövqe sülh sazişinin imzalanmasına maneçilik törədir. İndiki dövrdə də, təəssüf ki, Ermənistan yersiz, reallıqdan uzaq təklifləri ilə bu proseai kifayət qədər ləngitdi. Necə ki, delimitasiya prosesini uzun müddət ləngitsə də, sonda reallıqları anladı. Sərhədlərin xeyli hissəsi müəyyənləşdi artıq. Ümid etmək olar ki, sülh sazişində də eyni mövqe tutulacaq və qısa müddətdə sülh sazişini imzalamaq mümkün olacaq”.
Məhəmmədəli QƏRİBLİ